BÖLMƏLƏR


«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Əlimizdə məhkəmə qərarı var”-FOTO

65
  • + A
  • - A
  • “Əlimizdə məhkəmə qərarı var”-FOTO
    “Bələdiyyədən 50 illik icarəyə götürdüyüm torpağımdan istifadə edə bilmirəm. Nədir ki, özbaşlarına qərar qəbul edib, icarə müqaviləmi əsassız hesab ediblər”.

    Şəkinin Baş Göynük kəndinin sakini, 53 yaşlı Sərdar Əmiyev belə deyir. Bildirir ki, vaxtilə ailəsi qabaqcıl təsərrüfatçı, tütünçü olduqlarından bələdiyyə onlara təsərrüfatla məşğul olmaq üçün icarəyə hektarlarla torpaq verib:

    “Həmişə əkib-becərən, mal-heyvan saxlayan olmuşuq. Atamdan sonra təsərrüfat işləri tamamilə mənim öhdəmə qaldı. İşi davam etdirmək üçün Baş Göynük Bələdiyyəsinə torpaq versinlər deyə müraciət etdim. Bələdiyyə “Sarca” adlanan şoran otlaq örüş hissəsindən 50, “Aytəmir dərəsi” ərazisindən isə 80, ümumilikdə 130 hektar ərazini mənə uzunmüddətli icarəyə verdi. Həmin ərazidə özümə böyük fermer təsərrüfatı qurdum. Köməkçi ev, tövlə, çardaq düzəltdirdim. 2013-cü ildə bələdiyyənin daxili iclas keçirərək icarə müqaviləmi ləğv etməsi ilə bağlı bildiriş aldım. Özü də mənə öncədən heç bir xəbərdarlıq etmədən”.

    Şikayətçi bildirir ki, bələdiyyə ona Baş Göynük, Baş Şabalıd kənd sakinlərinin dəmyə torpaq sahələrindən istifadələrinə maneçilik yaratdığını bildirib. Buna görə onun müqaviləsini ləğv edib:

    “Həmin torpaq sahələri kəndlilərə pay torpağı kimi verilib. Halbuki belə qərarlar yoxdur”.

    Bələdiyyənin verdiyi qərarın əsası yoxdur

    Sərdar Əmiyev deyir ki, üzləşdiyi haqsızlıqla bağlı öncə bələdiyyəyə müraciət edib:

    “Dedim, həmin sahələrlə bağlı 9 il torpaq vergisi vermişəm. Üstəlik, o torpaqları əkinə, örüşə yararlı hala gətirib çıxarmışam. Əsl xeyrini görəcəyim bir zamanda əlimdən aldılar. Əvvəlcə bələdiyyəyə müraciət etdim. Qəbul etdikləri qərarın düzgün olmadığını, ləğv etmələrini xahiş etdim. Dedilər, yox, torpaq islahata gedir, qərarı dəyişə bilmərik. Odur ki, hüquqlarımın bərpası üçün Şəki Rayon Məhkəməsinə müraciət etdim. Bildirdim ki, müqaviləm əsassız yerə ləğv edilib. Üstəlik, lap torpaq yenidən islahata gedibsə, bununla bağlı mənə bildiriş, xəbərdarlıq gəlməli idi, ancaq heç nə deyilməyib. Bu da göstərir ki, bələdiyyənin verdiyi qərarın əsası yoxdur”.

    Eyni məhkəmə, eyni problem, ancaq iki fərqli qərar

    Sərdar Əmiyev deyir ki, məhkəmə bələdiyyənin qəbul etdiyi qərarların insanların hüquq və səlahiyyətlərinin pozulmasına yönələ bilməyəcəyi, bələdiyyənin torpaq üzərində icarə müqaviləsinə xitam vermə hüququnun olmadığı qərarına gəlib:

    “Qərarda bildirilir ki, bunu ancaq məhkəmə edə bilər. Nəticədə, ərazilərimi özümə qaytardılar. Ancaq 1 il sonra bələdiyyə həmin torpaq sahəsindəki icarə müqaviləsinin ləğvi ilə bağlı yenidən Şəki Rayon Məhkəməsinə müraciət etdi. Bu dəfə isə məhkəmə bağladığımız icarə müqaviləsini etibarsız hesab etdi. Baxın, eyni məhkəmə eyni problemlə bağlı iki fərqli qərar çıxardı”.

    Bələdiyyə: Əlimizdə məhkəmə qərarı var

    Meydan TV məsələyə münasibət öyrənmək üçün Şəki şəhər Baş Göynük Kənd Bələdiyyəsi ilə əlaqə saxlayıb. Bələdiyyədən bildiriblər ki, bəli, 8 iyul 2004-cü ildə verilən qərarla Sərdar Əmiyevin dediyi ərazilər ona 50 illik icarəyə verilib. Bununla bağlı müqavilə də var. Şəki Rayon Məhkəməsinin 1 may 2003-cü il tarixli qətnaməsinə görə, Baş Göynük və Baş Şabalıd kəndlərində 2003-2004-cü illərdə yenidən torpaq islahatı aparılıb. Həmin islahat 2004-cü ilin dekabrında başa çatıb. Bu, Şəki Rayon Aqrar İslahat Komissiyası və Baş Göynük Aqrar İslahat Komissiyası tərəfindən də təsdiq edilib:

    “Sərdar Əmiyev isə müqavilə əsasında əldə etdiyi hüququnu heç Şəki Rayon Torpaq Şöbəsində qeydiyyata saldırmayıb, şəhadətnamə almayıb. Nəticədə, icarəyə verilmiş torpaq sahələrinin əhaliyə pay torpağı kimi veriləcək xəritəyə işlənməsi və kadastrların paylanması Sərdar Əmiyevin icarə müqaviləsini əsassız edib. Bələdiyyə də müqavilənin əsassız olması qərarını çıxarıb. Həmin qərarı Sərdar Əmiyevə göndərmişik. O, məhkəməyə müraciət etdi, qalib gəldi. Bir il sonra isə bələdiyyə müqavilənin ləğv edilməsi üçün yenidən Şəki Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə bağlanan müqaviləni əsassız hesab edib. Sərdar Əmiyev həmin torpaq sahəsi ilə bağlı nəsə tələb edə bilməz. Əlimizdə məhkəmə qərarı var”.

    Məhkəmə bir işlə bağlı iki fərqli qərar çıxara bilərmi?

    Hüquqşünas Fariz Namazlı deyir ki, bəli, bələdiyyə daxili qərarı ilə vətəndaşdan icarəyə götürdüyü torpağı almaq səlahiyyətinə malik deyil. Bunu edibsə, qanunu pozub:

    “Ancaq Torpaq Məcəlləsi deyir ki, icarə müqaviləsini məhkəmə ləğv edə bilər. Bələdiyyə özü öz qərarını ləğv edə bilməz. Görünür, birinci halda məhkəmə qərarı formal əsasla ləğv edib, işin mahiyyətinə girməyib. Yəni deyib ki, bələdiyyənin qərarı ləğvetmə səlahiyyəti yoxdur. İkinci halda isə məhkəmə mahiyyətə toxunub. Hesab edib ki, icarə müqaviləsi ləğv edilməlidir. Görünür, vətəndaş nəyisə düz etməyib. Nəticədə, buraxdığı xırda səhv belə torpağın əlindən çıxmasına səbəb olub”.

    Dövlət istifadə olunmayan torpaqları geri alır

    Bir müddət öncə Əmlak Məsələləri Dövlət Komitəsi becərilməyən kənd təsərrüfatı torpaqları istifadəçilərinə qarşı tədbirlərin sərtləşdirildiyi ilə bağlı məlumat yaydı. Bildirdilər ki, boş və fəaliyyətsiz qalan torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması istiqamətində təhlillər aparılıb.

    “Belə torpaqlar geri qaytarılır. 44 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların səmərəsiz və ya ümumiyyətlə, istifadəsiz qaldığını müəyyən etmişik. Nəticədə 255 min hektara yaxın istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib”.

    Kəndlinin buraxdığı ən xırda səhvdən istifadə edib torpağını alırlar

    Sərdar Əmiyev deyir ki, onun torpağı istifadəsiz olmayıb, əksinə, illərlə istifadəsiz qalan torpağı əkinə yararlı vəziyyətə gətirib:

    “Elə məqsədə nail olmuşdum ki, tutub əlimdən aldılar. Görünür, məhsuldarlığı görəndən sonra peşman olublar”.

    Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da deyir ki, bütün bunların bir məqsədi var. Kəndlilərin əlində olan sonuncu torpaqları almaq:

    “Neftdən gözləri qorxan məmurlar kəndlilərin bütün torpaqlarını almaq istəyirlər. Onlar çox yaxşı bilirlər ki, neftdən gələn gəlir bir müddət sonra tükənəcək. Odur ki, gözlərini kənd təsərrüfatına dikiblər. Bundan əlavə, əkib-becərməyən də həmin torpaqları baha qiymətə kəndlilərə icarəyə verəcək. Kəndlilər imkansız adamlardır. Onların torpaqdan istifadə etməməsi mümkün deyil. Onların bütün ümidi torpağadır. İndi dövlət bəhanə gətirir ki, bax, sən torpağından səmərəli istifadə etməsən, əlindən alacağıq. Belə bəhanələrlə o torpaqları kəndlilərin əlindən almaq istəyirlər. Bu hallar yeni deyil, uzun müddətdir ki, var. Kəndlinin buraxdığı ən xırda səhvdən istifadə edib torpağını əlindən alırlar”.

    “Əlimizdə məhkəmə qərarı var”-FOTO