Xəzər Müslümovun işədüzəltmə taktikası


İsmayıllı rayon Maliyyə İdarəsinin rəisi Radim Müslümovun barəsində ölkə mediasında kifayət qədər məqalələr dərc olunub. Ancaq son anda bəzi qüvvələr onu ciddi müdafiə edərək, məsuliyyətdən yayındırıb. Görünür, bundan maksimum istifadə edən Radim Müslümovun əl-qolu daha da geniş açılıb.

7GUN.az xəbər verir ki, sosial şəbəkədə Radim Müslümovun oğlu Xəzər Müslümov Məşğulluq İdarələrinin rəhbər şəxsləri ilə əlbir olub iş üçün müraciət edənlərin siyahısını çıxararaq, onların çoxuna zəng edib işlə bağlı problemlərini həll edəcəyini bildirməsi barədə məlumat yayılıb. Məlumatda Xəzər Müslümovun həmin şəxslərə aylıq əmək haqqı 700-800 manat olan iş yerləri təklif etməsi və onlardan işə düzəltmək adı ilə açdığı bank hesabına müxtəlif məbləğlərdə (bütün hallarda 500 manatdan çox olmayan) pul köçürtmələrini tələb etməsi bildirilir. İş axtaranlar Xəzər Müslümovun açdığı bank hesabına pul köçürüblər. Lakin bir müddət sonra aldanıldıqlarını bilən həmin şəxslərin bəziləri hüquq mühafizə orqanlarına şikayət ediblər. Yayılan məlumatda hazırda araşdırmaların aparıldığı qeyd olunur.

Bu da Xəzər Müslümovun işədüzəltmə taktikasının uğursuz sonluğudur.

7GUN.az olaraq məsələ ilə bağlı İsmayıllı rayon Maliyyə İdarəsinin rəisi Radim Müslümovla əlaqə saxladıq. O, açıqlamasında deyilənlərin həqiqət olduğunu bildirdi.

Qeyd edək ki, Radim Müslümov sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovun qardaşıdır.

Rövşən İldırım

23-02-2020, 09:19