"Buna şahid olmaq üçün sadəcə Naxçıvana gəlmək lazımdır” -Naxçıvanın Ali Məclisinin deputatı


Tariyel Talıbov və Turan Məmmədlinin mədh etdiyi Muxtar Respublikada əhalinin durumu olduqca acınacaqlıdır

Vasif Talıbov və komandasının yetirdiyi yarıtmaz siyasət nəticəsində kənd və şəhərlər sürətlə boşalır, insanlar bir tikə çörək dalınca Türkiyə, Rusiya, eləcə də Azərbaycanın digər bölgələrinə üz tutmaq məcburiyyətində qalır

Bu gün paytaxtın elə bir yeri yoxdur ki, orada dilənçilər gözə dəyməsin. Belə ki, artıq Bakının ən məşhur istirahət mərkəzləri, dükan və mağazaları, küçə, park, eləcə də tibb ocaqlarının yaxınlığında belə, dilənçilər məskən salıb. Buna görə də az qala hər gün, "İçəridən yeni çıxmışam, avtovağzala getməliyəm, pulum yoxdu. Mənə köməklik edə bilərsənmi?" və ya "Pulumun hamısını xəstəxanada həkimlərə vermişəm. Rayona getməyə pulum yoxdur. Varsa mənə bir az pul ver də" kimi cümlələrlə müştəri ovuna çıxan dilənçilərlə qarşılaşmaq məcburiyyətində qalırıq. Maraqlı məqam ondadır ki, həmin şəxslər açıq-aşkar dilənçilik etmələrinə baxmayaraq, özlərinə dilənçi adını sığışdırmırlar. Sanki etdikləri dilənçilikdən fərqlənir. Sizcə, bu, dilənçilik deyilsə bəs nədir? Məgər, dilənçiliyin də buynuzu, qulağı olur? Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Bu kimi əməllər açıq-aşkar dilənçilikdir.

Onu da qeyd edək ki, ilk baxışdan yazıq, məzlum sifəti alan bu cür insanların sayı hər ötən gün bir qədər də artmaqdadır. Məhz belələri artıq dilənçiliyi biznesə çeviriblər. Söz yox ki, dilənçilər arasında həqiqətən ehtiyac üzündən ətrafdakı insanlara əl açmaq məcburiyyətində qalanlar da az deyil. Və elə buna görə də bu qəbildən olanları anlamaq mümkündür. Çünki həyatda bəzən elə anlar olur ki, dünənə kimi üzümüzə taybatay açıq olan bütün qapılar ani bir vaxt ərzində möhürlənir və girişimiz məhdudlaşır. Düşündüyümüz zaman belə bir vəziyyət insana ağır gəlir elə deyilmi? Ancaq məsələnin bir tərəfi də var ki, bəziləri alternativ yolları qalmadıqları üçün deyil, yalandan dilənçilik edirlər. Yəni həmin şəxslər əziyyət çəkməmək, asan variantı seçmək üçün bu yola əl atırlar.

Beləliklə, yazının əvvəlində də qeyd etdiyimiz kimi, hazırda Bakıda dilənçilərin sayı həddən artıq çoxdur. Lakin Azərbaycanın bir parçası olan, tətbiq edilən bir sıra qanunlara, eyni zamanda qeyri-rəsmi qaydalara görə, Bakıdan və ölkənin digər bölgələrindən kəskin şəkildə fərqlənən Naxçıvan Muxtar Respublikasında bir nəfərin belə, dilənçilik etmədiyini iddia edənlər var. Məsələn, Naxçıvan Ali Məclisinin deputatı Tariyel Talıbov mövzu ilə bağlı bugünlərdə verdiyi açıqlamasında muxtar respublikada dilənçilərin olmadığını bəyan edib: "Naxçıvanın istənilən yerini gəzib dolaşanda qarşına dilənçi çıxmır. Bunun üçün Naxçıvana yollanıb küçələrini eninə-uzununa gəzmək lazımdır. Reallığı gözünüzlə görəcəksiniz. Naxçıvanda dilənçinin nə üçün olmadığını soruşursunuz. Əvvəla, burada dilənçiləri güllələmirlər. Digər tərəfdən heç bir dilənçiyə pul verilmir. Əgər sağlam adamdırsa, gedib işləməlidir. Xəstədirsə, dövlət qayğısı ilə əhatə olunur. Xəstə insanlara həm dövlət, həm də ictimai qurumlar dəstək olurlar. Ona görə də burada dilənçiyə yer qalmır. Naxçıvanın ən ucqar kəndinə getsəniz belə, gözəllik və səliqədən başqa bir şey görməyəcəksiz. Mərkəzlərdə vəziyyət necədirsə, əyalətlərdə də o cürdür". Həmkarının fikirlərinə dəstək verən Naxçıvan Ali Məclisinin xanım deputatı Turan Məmmədlinin sözlərinə görə, muxtar respublikada dilənçinin olmaması insanların həyat şəraitinin yaxşı olmasından irəli gəlir: "Buna şahid olmaq üçün sadəcə Naxçıvana gəlmək lazımdır. O zaman dilənçi olmamasının səbələrini də rahatlıqla araşdıracaqsınız. İnsanlarımız çox çalışqandır. Normal şəraitdə yaşayırlar. Şükürlər olsun ki, dövlətimiz də xalqımızın qeydinə qalır və neqativ hallara rast gəlmək olmur".

Gördüyünüz kimi, Naxçıvan Ali Məclisinin deputatları Tariyel Talıbov və Turan Məmmədlinin dediklərindən belə aydın olur ki, Vasif Talıbovun rəhbərlik etdiyi muxtar respublikada mütəmadi olaraq yeni-yeni iş yerləri açılır və buna görə də əhali arasında 1 nəfər də olsun dilənçi yoxdur. Misal üçün, əldə olunan son hesablamalara görə, 450 mindən artıq əhalisi olan Naxçıvanda son illər ərzində ümümilikdə 700 min yeni iş yeri açılıb. Muxtar respublikanın sakinləri isə işləmək istəməyib, özlərini tənbəlliyə vurub qonşu Türkiyəyə üz tuturlar. Vasif Talıbov isə qardaş ölkədə də naxçıvanlıları rahat buraxmır. Deyir, dünyanın harasında olursunuzsa olun, mütləq işləməli, para qazanmalı, ailələrinizi yüksək səviyyədə dolandırmalısınız. Heç belə rəhbərdən də incimək olar. Ay əziz Naxçıvan sakinləri, Vasif Talıbov sizə nə deyir, axı. Adam deyir ki, muxtar respublikada o qədər iş yeri var, işlə pul qazan, sosial rifahını yaxşılaşdır. Bizim insanlarımız isə lap ağını çıxarıblar. O qədər - 700 minlik iş yeri dura-dura işləmək istəmirlər.

Ümumiyyətlə, bu gün Naxçıvan Muxtar Respublikasında kafe, çayxana işlədənlər gileylənirlər ki, son zamanlar çöldə-bayırda işsiz adam qalmadığından bu tip obyektlərə gələn yoxdur. Çünki Naxçıvanda səhər saatlarından axşamadək bir nəfər belə olsun avara adam gözə dəymir. Hər kəs işdə-gücdədir. İş o yerə çatıb ki, artıq Naxçıvanda durmadan açılan yeni iş yerlərində çalışmaq üçün işçi qüvvəsi çatışmır. Ona görə ki, muxtar respublikanın sakinlərinin bir hissəsi onlara yaradılan yüksək şəraitdən imtina edib vaxtlarını boş, mənasız məsələlərə sərf etmək məqsədiylə xaricə üz tutublar. Bunun da nəticəsində 700 minlik iş yerinin böyük bir hissəsi boş qalıb. Odur ki, artıq Azərbaycanın hər yerindən, o cümlədən Almaniya, İngiltərə, Fransa, İtaliya, hətta ABŞ-dan belə, gənclər Naxçıvana işləməyə gedirlər. Muxtar respublikada zavodlar, fabriklər, digər istehsalat müəssisələri gecə-gündüz çalışır, müasir standartları belə, üstələyən müxtəlif məhsullar istehsal olunur. Hətta ev növbəsinə dayananlara da vaxtı çatanda ailə tərkibinə uyğun olaraq tam təmirli mənzillər verilir. Bu qədər diqqət və qayğının qarşısında işləmək istəməyib Türkiyə, Rusiya və digər xarici ölkələrə qaçanlara nə ad vermək olar? Belələrinə qəzəblənməyəsən neyləyəsən? Axı Naxçıvanda iş də, normal şərait də var.

Vasif Talıbovun xüsusi diqqət və qayğısı nəticəsində, bu gün Naxçıvanda səhiyyə və təhsil işçiləri də əla dolanırlar. Onlar ayda təxminən, 2500-3000 manat civarında maaş alırlar. Lakin buna baxmayaraq, qadınların bir çoxu, kişilərin isə əksəriyyəti yenə də müəllim işləmək istəmirlər. Niyə? Axı nəyiniz çatışmır? Naxçıvanın rəhbərliyi sizə bundan artıq nə etməlidir? Bu qədər məvacib qarşılığında işləməmək olarmı? Təbii ki, yox. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, Naxçıvanda müəllim və həkimlərin fiziki işə o qədər maraqları var ki, onlar asudə vaxtlarında küçələri yığışdırmağa, yolları təmizləməyə, hətta kartof, şəkər çuğunduru və dənli bitkilər əkməyə sevinə-sevinə gedirlər. Hörmətli Naxçıvan sakinləri, siz bütün bunlara görə, Vasif Talıbovun başına pərvanə olmalısınız. Axı bu adamın ciddi səyi, gərgin əməyi nəticəsində bu gün muxtar respublikada bir nəfər belə, dilənçi yoxdur. Hər kəs xan balası kimi yaşayır. Hamı səhər qaymaq, şokolad, kərə yağı ilə bal, qara kürü yeyir. İnsanlar xoşbəxt, firəvan həyat tərzi keçirirlər. Artıq avropalılar belə, Naxçıvan sakinlərinə qibtə ilə baxır, onlara paxıllıq edirlər. Bu gün Naxçıvanın əldə etdiyi iqtisadi yüksəlişə ABŞ ən yaxşı halda, 50-10 il sonra çata bilər.

Bütün bunlardan sonra qəti şəkildə deyə bilərik ki, indi çoxları çaş-baş qalıb. Kim bilir, bəlkə də aranızda ağlımızı itirdiyimizi düşünənlər də var. Lakin narahatlığa heç bir əsas yoxdur. Biz sadəcə olaraq bayaqdan bugünkü Naxçıvandan yox, muxtar respublikanın deputatları Tariyel Talıbov və Turan Məmmədlinin mədh etdiyi Naxçıvandan danışırdıq. Əsl Naxçıvanın durumu isə olduqca acınacaqlıdır. Belə ki, məhz Vasif Talıbov və komandasının yetirdiyi yarıtmaz siyasət nəticəsində muxtar respublikanın kənd və şəhərləri sürətlə boşalır, insanlar bir tikə çörək dalınca Türkiyə, Rusiya, eləcə də Azərbaycanın digər bölgələrinə üz tutmaq məcburiyyətində qalır. Hələ bu, harasıdır. Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikanı dəmir yumruqla idarə etdiyi üçün qonşu İran, həmçinin qardaş Türkiyədən Naxçıvana gətirilən ərzaq və digər məhsulların muxtar respublika ərazisinə girişinə qadağa qoyulub. Bakıdan Naxçıvana daşınan bütün məhsullara əsassız yerə gömrük rüsumu tətbiq olunur. Eyni zamanda, Naxçıvan təhsili və səhiyyəsi ildən-ilə daha da bərbad vəziyyətə düşür, muxtar respublikanın əksər ərazilərində əhali əkin sahələrini suvarmağa su tapmır. Bütün bunlara rəğmən, muxtar respublikanın deputatları Tariyel Talıbov və Turan Məmmədli Naxçıvanda bir nəfər belə, dilənçinin olmadığını iddia edir. Əslində, onlar müəyyən mənada haqlıdırlar. Çünki sadə əhalinin hamısını eyni vəziyyətdə, yəni acınacaqlı gündə olduğundan heç kim digərinə "Sən dilənçisən" demir. Bax, budur Naxçıvanda yaşanan real mənzərə!

"Hürriyyət"

17-09-2018, 22:24