Qarabağ düyünü"ndən də ağır və mürəkkəb şəraitlə üzləşəcəklərini ağıllarına belə gətirməmişdilər


Laçın rayonundan Mingəçevir şəhərinə pənah gətirmiş məcburi köçkün ailəsi “Xalq Bank” ASC-nin Mingəçevir filialından 26 yanvar 2010-cu ildə 20.000 (iyirmi min) manat məbləğində kredit götürməklə “Qarabağ düyünü"ndən də ağır və mürəkkəb şəraitlə üzləşəcəklərini ağıllarına belə gətirməmişdilər.

7GUN.az stimulxeber.az-a istinadla bildirir ki, həmin pul vəsaitinə yaranmış kəskin tələbat səbəbindən, Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 36, mənzil 1 ünvanında yerləşən özəlləşdirilmiş fərdi yaşayış mənzilini adıçəkilən banka girov qoyaraq, qrafik üzrə ödənişlərinin hər ay vaxtında ödəyiblər. Bir müddətdən sonra ödəniş cədvəlində gecikmələr yarandığı üçün bank məhkəməyə müraciət edib. Xammal və Əmtəə Birjası “Külək” MMC tərəfindən keçirilmiş Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən 36 nömrəli evin 1 nömrəli mənzilinə dair 06.03.2012-ci il tarixli 22/C nömrəli hərrac vasitəsilə məcburi köçkünə məxsus ev satılır. Məcburi köçkün ailəsinə məxsus və faktiki yaşadıqları mənzilin hərraca çıxarılaraq satılması barədə vətəndaşlara heç bir məlumat verilməyib. Yeganə sığınacaq yerini itirəcəyindən narahat olan məcburi köçkün ailəsi isə yaxın qohum və dostlarının köməkliyi ilə mənzil hərracda olduğu müddətdə bütün borclarını ödəyərək sona çatdırır. Bunun ardınca Mingəçevir şəhər məhkəməsinin 2(051)-443/2015 saylı, 01 may 2015c-ci il tarixli icra sənədlərinə əsasən hərracın yekunları barədə protokol etibarsız hesab edilib. Daha sonra “Xalq Bank” ASC apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli qətnaməsinə əsasən cavabdeh “Xalq Bank” ASC tərəfindən verilən apellyasiya şikayəti təmin edilməyib.
Diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, məcburi köçkün ailəsi bankdan kredit formasında götürdüyü pul vəsaitlərini faizləri ilə birgə tam ödəməsinə baxmayaraq, nədənsə “Xalq Bank” ASC hərraca çıxarılaraq satdığı evi köçkün ailəsinə qaytarmaq istəmir. Məntiqi bir sual yaranır. Vətəndaş bankdan kreditə götürdüyü 20.000 (iyirmi min) manat pul vəsaitini faizləri ilə birgə banka niyə ödəyib və yaxud bank həmin vəsaitləri hansı adla öz hesabına qəbul edib?
Laçın rayonundan olan məcburi köçkün ailəsinin başçısı Budaqov Şakir Xanlar oğlunun redaksiyamıza ünvanladığı şikayət ərizəsində və bizə təqdim olunan hüquqi sənədlərdə əks olunanları araşdırdıqca, məhkəmələrdə labirintə düşmüş, bir çox xəstəliklərə düçar olmuş ailə başçısının halına acımamaq olmur. Qalaq-qalaq toplanmış sənədlər arasında başını itirmiş Şakir Budaqov nə edəcəyini bilmir. Yuxarıda sizə təqdim etdiyimiz faktlar 9 ildir ki, davam edən məhkəmə çəkişmələrinin cüzi bir hissəsidir. Növbəti yazılarımızda Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası və Ali Məhkəmənin Mülki kollegiyası tərəfindən qəbul olunmuş qərarlarla bir daha yaxından tanış olacağıq.
Şikayətçini dinlədikcə, baş verənlərin daha dərin qatlarına enmək və ətraflı araşdırma aparmaq zərurəti ortaya çıxır. Məcburi köçkün ailəsinin başına gətirilənlər bir məqaləyə sığmadığı üçün bu mövzuya silsilə formasına qayıtmaq məcburiyyətindəyik.
Məlumat üçün qeyd edək ki, toxunduğumuz problem hələ də məhkəmə müstəvisində araşdırılma mərhələsindədir. Ümid edirim ki, məhkəmə baş verən olaylara hüquqi cəhətdən aydınlıq gətirəcək, vətən həsrətilə qovrulan məcburi köçkün ailəsinin ev həsrətinə son qoyacaq.
Araşdırmalarımız davam edir. Yazıda adıçəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Ardı var...

12-12-2018, 02:20