Əsrin cinayətini törədənlər niyə cəzasız qalmaqdadır

Şrift : |
Tarix :6-04-2019, 00:38
Bölmə : Cəmiyyət
Kömək :    
Baxılıb : 438 dəfə
Like :
Like :

    Sabiq təhlükəsizlik zabiti, "Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu öz bloqunda olduqca sensasion ikinci yazısını paylaşıb. Həmin yazı da "casus əməliyyatı"ndan bəhs edir. 7GUN.az həmin yazını olduğu kimi təqdim edir:

    Əvvəlki yazımda Azərbaycan Ordusuna qarşı törədilən cinayətlərin miqyası və detalları haqda ətraflı yazsam da, bunu törədənlərin səbəb və motivlərini ötəri vurğulamışdım. Göstərmişdim ki, 2016-cı ilin aprel əməliyyatı zamanı itkilər az göstərilsə də, əslində şəhid olmuş əsgərlərin sayı 2 dəfə artıq olmuşdu və itkilərin 300 nəfərdən artıq olması barədə məlumatlar da həm Müdafiə Nazirliyindəki, həm də digər dövlət qurumlarındakı çoxsaylı mənbələr tərəfindən təsdiqlənmişdi.
    Bunu da qeyd etmişdim ki, hərbçilərimizin böyük bir hissəsi xəyanətin qurbanı olmuşdu və həmin xəyanət də 2 məsələdə özünü göstərmişdi: irəliləyən ordu hissələrinə arxadan dəstək verilməməsi və döyüş planının Rusiyaya ötürülməsi.

    Bu yerdə bir haşiyə çıxım: Azərbaycanın Müdafiə Nazirliyi strukturlarından hərbi-əməliyyət xarakterli məxfi məlumatların Rusiyaya ötürülməsi yenilik deyil. Hələ 1992-93 illərdə bu qurumun bəzi strukturlarından məlumatlar sistemləşdirilərək Rusiyaya ötürülürdü və bu işdə də bu gün Azərbaycan cəmiyyətinə ictimai fəal və s. kimi sırınmış bəzi üzdəniraqların birbaşa iştirakı vardı. Elə o zaman da ön cəbhədə döyüşən əsgərlərimiz və bütövlükdə ordumuz həmin satqınların xəyanətinin qurbanı olurdu. Ölkənin Milli Təhlükəsizlik Nazirliyi onların casusluq fəaliyyətinə dair geniş məlumatlara və təkzibolunmaz faktlara malik olsa da, həmin şəxslərin siyasi hakimiyyətin yüksək dairələri tərəfindən himayə olunması və o zamankı siyasi konyunktura satqın şəbəkəsinin zərərsizləşdirilməsini mümkünsüz edirdi. Bu haqda və o cümlədən həmin şəbəkənin 1993-cü ilin iyun qiyamı zamanı cinayətkar əməlləri haqda detallı şəkildə yaxın gələcəkdə dərc etməyə hazırlaşdığım kitabımda ətraflı yazmışam.
    İndi qayıdaq 2017-ci ildə hərbçilərimizə kütləvi divan tutanların digər motivlərinə. Ən sadə məntiq də deyir ki, 2016-cı ilin aprelində keçirilən əməliyyata qarşı xəyanəti yalnız səlahiyyətli şəxslər törədə bilərdi. Həbs olunaraq işgəncələr verilən həbçilərin ən yüksək rütbəliləri belə əməliyyatın bütün plan və detalları haqda məlumatlı ola bilməzdilər və irəli gedən ordu hissələrinə dəstəyi sabotaj etmək də onların səlahiyyəti çərçivəsində olan məsələ deyildi. Deməli, saxta ittihamların da əsas motivi və ağlasığmaz miqyası da məhz diqqəti əsl xainlərdən yayındırmaq idi.
    Daha doğrusu, motivlərindən biri.
    Digər və daha ciddi motivlər isə Azərbaycan Ordusunu sındırmaq, onu gözdən salmaq, ölkə əhalisini Azərbaycanın ərazi bütövlüyünün hərbi yolla bərpasının mümkün olmadığına inandırmaq, hərbi əməliyyata yaşıl işıq yandırmış dövlət başçısı İlham Əliyevi təhdid etmək idi və bütün bunlar Rusiyanın planına uyğun həyata keçirilmişdi və ölkənin siyasi rəhbərliyi də bunu anlamaya bilməzdi. Təsəvvür etmək çətindir ki, İlham Əliyev Ali Baş Komandanı olduğu orduda bu qədər xəyanətkarın olmasına inanıb. Müharibə vəziyyətində olan ölkələrin bir-birinin ordusunda kəşfiyyat aparması tamamilə adi və anlaşılan praktikadır, amma Azərbaycanla (o cümlədən də ölkənin işğal altında olan əraziləri) Ermənistan arasındakı cəbhə xətti təxminən 600 kilometrdən çox olduğu halda, düşmən kəşfiyyatının yalnız Tərtər istiqamətində fəaliyyət göstərməsi tamamilə absurddur.

    Digər tərəfdən də, xeyli əvvəl yazdığım kimi, hələ 2013-2014 illərdə Xəzərdə Azərbaycanın suverenliyinin təmin olunmasına xidmət edən naviqasiya və sualtı radar sisteminin quraşdırılmasını pozan şəxslərin də həmin Xanlar Vəliyev və Nəcməddin Sadıkov olması suallar doğurmurdumu?
    Xatırladım ki, o zaman bu işə rəhbərlik edən Hərbi-Dəniz Qüvvələri komandanı, kontr-admiral Şahin Sultanov və digərləri saxta ittihamlarla həbs olunmuşdu, həmin sistemin quraşdırılması dayandırılmışdı və nəticədə ölkə Xəzərin bölgüsü məsələsində Rusiyanın təklif etdiyi və Azərbaycanın həm iqtisadi, həm də hərbi-strateji maraqlarına zidd olan anlaşmaya imza atmalı olmuşdu. Məgər bu faktln özü kifayət etmirdimi ki, prezidentin o zamankı müşaviri olan, general Vahid Əliyev başda olmaqla bütün bu dəstə ifşa edilərək məsuliyyətə cəlb olunsun? Xeyr, bu, mümkün deyildi, çünki Azərbaycan rəhbərliyi Rusiya qarşısında hər zaman aciz olub və onun bu dərəcədə yüksək vəzifəli əlaltılarına əl uzatmağın çıxarlarını çox yaxşı təsəvvür edir. Ona görə də o zaman məsələ Vahid Əliyevin istefaya göndərilməsilə qapadıldı, Rusiyaya sadiq şəbəkə isə bu ölkənin Azərbaycan dövlətinə və ordusuna qarşı yönəlmiş yeni plan, təxribat və düşmənçi niyyətlərini reallaşdırmaqda davam elədi. Çünki Vahid Əliyev istefaya göndərilsə də, onun kadrı olan və orduda daha çox "toy (və ya şou) generalı" rolunu oynayan Zakir Həsənov və digərləri qaldılar, sadəcə bir o fərqlə ki, paşayevlərlə qohum olmuş və bütün hesablaşmalarını Nərgiz Paşayeva ilə aparan Nəcməddin Sadıkov ön plana çıxaraq orduda həlledici şəxs mövqeyini bir qədər də möhkəmləndirdi.
    İş o yerə çatdı ki, Müdafiə nazirinə məruzə olunmalı ciddi dövlət əhəmiyyətli məsələlər Zakir Həsənova deyil, Nəcməddin Sadıkova təqdim olunmağa başladı və o da öz növbəsində dövlət dilində yazılmış sənədləri təqdim edənlərin üzərinə ataraq, onları xidmət etdiyi Rusiyanın dövlət dilində tərtib etməyi tələb edirdi. Bütün bunlar bü gün də Azərbaycan Respublikasının Milli Ordusunda davam etməkdədir.
    Gördüyümüz kimi, Sadıkovun toxunulmazlığı təkcə onun təmsil etdiyi Rusiyanın deyil, həm də qohum olduğu paşayevlər ailəsinin himayəsi sayəsində təmin olunur. Amma bütün bu burulğanda uduzan təkcə Azərbaycan dövləti və onun Silahlı Qüvvələri deyil, həm də və ilk növbədə əsgər və zabitlər üçün Ali Baş Komandan olan İlham Əliyevdir. Sadıkovun harınlığından, ordudakı korrupsiya və qanunsuzluqdan, hərbçilərə qarşı sistemli zorakılıqdan, Baş Qərərgah rəisinin hərbi prokurorluqla əl-ələ verib orduya qarşı törətdiyi cinayətlərdən cana doymuş yuxarı və orta zabit heyətinin isə İlham Əliyevə inam və etimadı artıq tam itməkdədir, bu isə Rusiyanın getdikcə intensivləşən siyasi təzyiqlərilə üz-üzə qalmış ölkəyə və onun siyasi rəhbərliyinə yaxşı heç nə vəd etmir. Yalnız bu cinayətkar dəstənin cəmiyyət qarşısında ifşa olunması, onların qurbanlarına bəraət verilməsi, işgəncələr nəticəsində qətlə yetirilmiş hərbçilərə şəhid statusunun verilməsi itirilmiş etimadı bərpa edə bilər. Amma belə bir addımı atmaq böyük siyasi iradə və qətiyyət tələb edir.


Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!