"Oqtay bəyin xilası üçün adekvat tədbirlər görülmür"- Əli Kərimli


Oqtay Gülalıyevin səhhəti haqda təəssüf ki, yalnız pis xəbərlər gəlir. Ağ ciyərlərinə düşən infeksiya vəziyyəti daha da mürəkkəbləşdirib.

7GUN.az-ın məlumatına görə, bu sözləri AXCP sədri Əli Kərimli özünün feysbuk səhifəsində yazıb:

"Təəssüf ki, Oqtay bəyin xilası üçün adekvat tədbirlər görülmür. İctimaiyyət nümayəndələri haqlı sual verir: Bir halda ki, Heydər Əliyev Fondu Oqtay bəyin müalicəsini öz üzərinə götürüb, nəyə görə onu Türkiyədə neyrocərrahiyə üzrə ixtisaslaşmış xəstəxanalara deyil, hətta neyrocərrahiyyə bölümü belə olmayan “Avroasiya” xəstəxanasına yerləşdiriblər? Oqtay bəyin vurulmasından başlayaraq, qəzadan sonra onun gerçək vəziyyətinin gizlədilməsindəki, cərrahi əməliyyatın gecikdirilməsindəki müəmmalara qədər qaldırdığımız heç bir suala izahat verilməyib. Heç olmasa, ailəsinin və dostlarının Oqtay bəyi onun xilasına ümid yaradacaq bir xəstəxanada müalicəyə göndərmək istəyinə diqqət edilsin. Türkiyənin özündə də Oqtay bəyin indi saxlandığı xəstəxanadan daha yaxşı ixtisaslaşmış xəstəxanalar var. Nəyə görə həmin xəstəxanalara köçürülmür Oqtay bəy? Vətəndaş cəmiyyəti fəallarına, Oqtay bəyin həmkarlarına səslənirəm, onun Almaniya və ya tibbin daha yaxşı inkişaf etdiyi ölkələrin birində müalicəsi üçün beynəlxalq təşkilatlara müraciət etmək lazımdır. Avropada, xaricdə yaşayan və belə ciddi işlərin altına girə biləcək həmvətənlərimizə müraciət edirəm, Oqtay bəy həyatını faktiki məzlumların haqq səsi olmağa həsr etmiş bir şəxsiyyətdir. Onun xilasına yardımçı olmaq birbaşa Vətənə xidmətdir. Dostlar, Oqtay bəyin unudulmasına, unutdurulmasına imkan verməyək. Oqtay bəyin xilası üçün millətcə səfərbər olmaq lazımdır"- deyə Əli Kərimli bildirib.

14-11-2019, 22:08