Seçki oyunu-VİDEO


Masallı rayon Qəriblər kənd bələdiyyəsinin sədri Müşfiq Ağayevin qanunsuz əməl və hərəkətləri barədə kənd sakinlərinin ölkə rəhbərliyinə və kütləvi informasiya vasitələrinə etdikləri müraciətlərlə bağlı 7GUN.az-da məqalələr dərc edib yayımlamışdır.

Həmin məqalələrdə göstərmişdik ki, rayonun sabiq İcra Hakimiyyəti Başçısı Rafil Hüseynov şəxsi maraqlarına görə bələdiyyə sədri Müşfiq Ağayevi cinayət xarakterli əməl və hərəkətlər törətməyə təhrik edir və kənd sakinlərinin şikayətlərinə baxılmır. Ölkənin hüquq mühafizə orqanları və digər dövlət qurumları sadə dildə desək, iki il müddətində "iki eşşəyin arpasını bölə bilməyiblər".

Artıq məlumdur ki, Qəriblər kəndində analoqu olmayan bələdiyyə seçkiləri keçiriləcək.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının təqdimatıyla Qəriblər kəndində keçiriləcək bələdiyyə seçkilərinə qatılacaq namizədlərin üçü bir ailədən olmaqla 9 namizədin hamısı Müşfiq Ağayevin yaxın qohumlarıdır.

Qəriblər kənd bələdiyyəsinə keçiriləcək seçkilərdə nimizədlikləri 72 saylı Yardımlı- Masallı Dairə Seçki Komissiyasında qeydə alınmış Müşfiq, Çingiz və Vüsal Ağayevlər doğma qardaşdırlar. Elnur İmamyarov və digər namizədlər onların qohumlarıdır.

Görünür, Qəriblər kəndində YAP üzvlərinin qıtlığı var və ya Qəriblər kənd bələdiyyəsinə keçiriləcək seçkilərə qatılmaq istəyən digər partiya üzvlərinin boyunları ilgəyə uyğun gəlməyib. Yəni Müşfiq Ağayevin yenidən bələdiyyə sədri seçilməsinə yaranacaq maneələr Masallı rayon rəhbərliyinin və YAP Masallı rayon təşkilatının bilavasitə birgə razılıqları ilə aradan qaldırılıb.

Hətta, hakimiyyəti təmsil edən İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov yaxın günlərdə Masallıda Qəriblər kənd sakinləri ilə görüşüb bələdiyyə sədri Müşfiq Ağayevlə bağlı şikayətlər barədə aidiyyatı dövlət qurumlarına məlumat verəcəyini bildirmişdir.

7GUN.az-ın araşdırma qrupu isə belə qənaətə gəlir ki, Masallıda YAP rayon təşkilatının təqdimatıyla Qəriblər kənd bələdiyyəsinə keçiriləcək seçkilərə qatılmaq üçün bir ailədən 3 qardaşın namizədliklərinin 72 saylı Masallı- Yardımlı Dairə Seçki Komissiyasında qeydiyyata alınması ciddi araşdırma mövzusudur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
7GUN.az-ın araşdırma qrupu.