Ceyhun Həsənovun Çingiz Əhmədovun əməllərindən məlumatı varmı?


Penitensiar Xidmətin 2 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinə (MTCM) rəisi Çingiz Əhmədov müəssisəni bazara çevirib.

7gun.az-a daxil olan məlumatda qeyd olunur ki, 2 aydır müəssisəyə rəis təyin edilən Çingiz Əhmədov Cəzaçəkmə Müəssisələrindən 2 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinə gələn məhkumları həbsdən çıxmaqlarına peşman edir. Belə ki, hər məhkumdan 1000-1500 manat pul almamış onları evlərinə, ailə üzvlərinin yanına buraxmır. Daha sonra məhkumlara müəssisəyə gəlməmələri müqabilində aylıq 100-150 manat civarında pul alır. Kimsə bundan imtina edirsə əngəl yaradılır, müəssisədə saxlayır, hətta karsa salmaqdan belə çəkinmir. Halbuki Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 119.1.7-ci maddəsində göstərilir ki, “Mənzil şəraiti olduqda, cəzaçəkmə müəssisəsi müdiriyyətinin icazəsi ilə müəssisəyə yaxın ərazidə öz ailələri ilə birlikdə yaşaya, yaşayış yeri əldə edə və şəxsi təsərrüfat yarada bilər. Belə məhkumların hər ay bir dəfədən dörd dəfəyə qədər məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyatdan keçməsi həmin müəssisənin müdiriyyətinin qərarı ilə müəyyən edilir.”

7gun.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə Çingiz Əhmədov 2 saylı MTCM-ə rəis təyin edilənə kimi Penitensiar xidmətin 6 saylı cəzaçəkmə müəssisəsi rəisinin tərbiyə işləri üzrə müavini vəzifəsində çalışıb. Həmin vəzifəni icra edərkən də o məhkumlara qənim kəsilmişdi. Vaxtından əvvəl şərti olaraq cəzadan azad olmaq hüququ yaranmış məkumlara müsbət xasiyətnamə verib məhkəməyə təqdim etmək üçün hər məhkumdan caza müddətlərinin tam bitməsinə neçə ay qalmağına uyğun olaraq 2000 manatdan 5000 manata kimi alırmış. Bəzən isə bu rəqəm 10000 manata kimi artırmış.

Görünən odur ki, Çingiz Əhmədovun 10 fevral 2017-ci il tarixdə dövlət başçısı tərəfindən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamından xəbərsizdir. Ya da özünü xəbərsiz kimi göstərir.
Mövzunu diqqətdə saxlayacağıq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Rafiq