"Abidin Fərzəliyevin himayə etdiyi işbazlar mənim mülkiyyət hüquqlarımı pozub"-Səbri Qədirov


Fəaliyyəti ictimai narazılıq yaradan yüksək çinli məmurlardan biri də Nərimanov rayon İcra Hakimiyyətinin Başçısı Abidin Fərzəiyevdir. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edib vətəndaşların hüquqlarını pozaraq özünün maddi imkanlarını genişləndirir. Hazırdra hüdudsuz sərvətlərə malik olan İcra Başçıları sırasında Abidin Fərzəliyevin adını xüsusi qeyd etmək olar. Onun sərvətləri barədə daha ətraflı məlumat verəcəyik.

Bakı şəhər sakini Qədirov Səbri Ağalar oğlu 7GUN.az-a müraciət edərək Nərimanov rayon Z.Xəlil küçəsindəki evinin “RR Constuructions” MMC tərəfindən mülkiyyət dəyərinin ödənilməsi barədə rəsmi müqavilə bağlandıqdan sonra söküldüyünü, lakin qarşı tərəfin müxtəlif bəhanələrlə ona çatmalı olan pulu vermədiklərini bildirir: “Mənim Nərimanov rayon Z.Xəlil küçəsində 31 kvadratlıq sənədsiz evim var idi. “RR Constuructions” MMC qeyd olunan ünvanda qəzalı vəziyyətdə olan binanı sökəndə rəsmi müqavilə bağlandıqdan sonra mənim də 31 kvadrat metrlik evimi sökdülər. Yalnız evin söküntüsü başa çatdıqdan sonra “RR Constuructions” MMC məndən evin sənədlərini tələb etdi. Mən başa düşə bilmirəm ki, bu nə özbaşınalıqdı? Mənimlə rəsmi qaydada müqavilə bağlayıb mülkümü sökəndən sonra məndən sənəd tələb etmək hansı məntiqin məhsuludur? Onlar mənim rəsmi sənədlərimin olmadığını bilirdilər. Mən öz hüquqlarımın müdafiəsi üçün bütün zəruru addımları atıram. Nərimanov rayon İcra Hakimiyyətinin Başçısı Abidin Fərzəliyevin himayə etdiyi işbazlar mənim mülkiyyət hüquqlarımı pozub. Mən bu barədə ölkə başçısına və digər dövlət orqanlarına müraciətlər etmişəm. Ancaq hələlik heç bir nəticə yoxdur”.

Qeyd edək ki, “RR Constuructions” MMC Nərimanov Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin sabiq müdiri Abdullayev Rəfail Hüseynqulu oğluna və onun qardaşı Abdullayev Nadir Hüseynqulu oğluna məxsusdur.
7GUN.az-ın araşdırmaları zamanı sözügedən qardaşlar barədə daha ilginc məlumatlar ortaya çıxıb.

7GUN.az-ın məsələ ilə bağlı qarşı tərəfdən mövqe öyrənmək cəhdləri baş tutmadı.

Qarşı tərəfi dinləməyə və onların da mövqelərini dərc etməyə hazırıq.

Lalə Rövşən

24-02-2020, 05:53