Şirvan Apellyasiya Məhkəməsi 7gun.az-ın rəhbəri Cavid Şirəliyevin şikayətini təmin etmədi


Bu barədə məlumat verən Cavid Şirəliyevin sözlərinə görə Şirvan Apellyasiya Məhkəməsi onun 300 manat cərimə olunması barədə Masallı rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

O, Şirvan Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməin Mülki Kollegiyasına kassasiya şikayəti verdiyini bildirir: “Bir neçə ay öncə Masallı rayonunun sosial-iqtisadi problemləri, rayonun İcra Hakimiyyətinin sabiq Başçısı Rafil Hüseynovun yarıtmaz fəaliyyəti, rayonda insan haqlarının davamlı pozulması, həmçinin idarə, müəssisə və təşkilatlarda rüşvət və korrupsiya hallarının hökm sürməsi barədə 30 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə rəsmi mürəciət etdim. Həmin mürəciəti daha sonra özümə məxsus sosial şəbəkələr hesabında paylaşdım.

Rafil Hüseynov sözügedən müraciətə görə təkzib verməyimi və 3000 manat cərimə olunmağım barədə Masallı rayon Məhkəməsinə iddia ərizəsi verdi. Formal keçirilən məhkəmə proseslərinin sonunda hakim Habil Bəhmənov Rafil hüseynovun maraqlarını və istəyini təmin edən qərar qəbul edərək, məni 300 manat cərimələdi. Şirvan Apellyasiya Məhkəməsinin hakimi Tale Kərimov Masallı rayon Məhkəməsinin qərarından verdiyim şikayəti təmin etmədi. Şirvan Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti verdim”.

7-09-2020, 22:40