Rusiya 2019-cu ildə Qarabağ məsələsin necə həll etmək istəyirmiş?– Kreml rəsmisindən ilginc açıqlamalar


“Rusiya Qarabağ münqişəsinin həllində həmişə tərəflərin maraqlarına cavab verən sülh variantının tərəfdarı olub”. 7GUN.az JAMAZ.İNFO-ya istinadən xəbər verir ki, bu açıqlamanı Rusiya Federasiya Şurası sədrinin müavini Rəşid Nurqaliyev verib.

“Rossiyskaya Qazeta”ya danışan Nurqaliyev bildirib ki, bir neçə il əvvəl Moskva münaqişə tərəflərinə onlardan kompromisə getmələrini, beynəlxalq sülhməramlı missiyanın nəzarəti altında torpaqların geri qaytarılmasını və güc yolu ilə məsələnin həllindən imtina edilməsini təklif edib.

O hesab edir ki, hal hazırda Qarabağ münaqişəsinin həlli yalnız tərəflərin maraqlarını təmin edən sülh anlaşmasından keçir. Onun sözlərinə görə, böhranı aradan qaldırmaq üçün ilk olaraq regionda dinc yaşayışın bərpasını təmin etmək lazımdır. “2016-cı ildə Rrusiya XİN-i Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyətlə əlaqədar mərhələli həll konsepsiyasını hazırlamışdı. Onun sonuncu redaktə olunmuş forması 2019-cu ildə, həm tərəflərə, həm də ATƏT-in Minsk Qrupuna təqdim olunub”.

Rəşid Nurqaliyev təqdim olunan sənəddə əsasən nələrin nəzərdə tutulduğunu da açıqlayıb. O deyib ki, təqdim olunan sənəd Madrid və Kazan prinsiplərini özündə ehtiva edib. “Sənəddə təklif olunurdu ki, ilkin mərhələdə beynəlxalq sülhməramlı missiyanın iştirakı ilə 5 rayon Azərbaycana qaytarılır. Bununla paralel olaraq, Dağlıq Qarabağa hakimiyyət orqanlarını formalaşdırmaq və silahlı qüvvələr saxlamaq səlahiyyəti verilməliydi. Daha sonra isə Azərbaycan Qarabağa tətbiq etdiyi blokadanı aradan qaldırmaq və iqtisadi münasibətlər qurmağa başlamaları təklif olunmuşdu”.

Fedarasiya Şurasının sədr müavini daha sonra ikinci mərhələdə hansı işlərin görülməsi ilə bağlı Rusiyanın təkliflərini də açıqlayıb. Nurqaliyev deyib ki, ikinci mərhələdə yerdə qalan 2 rayon Azərbaycana qaytarılmalıydı. “Amma bu proses Dağlıq Qarabağın hüquqi statusunun müəyyən edilməsi ilə paralel aparılmalıydı. Yəni, Dağlıq Qarabağda beynəlxalq normalara uyğun referendum keçirilməli və hüquqi status müəyyən edilməliydi. Təklif olunmuşdu ki, tərəflərin razılığı əsasında Ermənistanla Dağlıq Qarabağı birləşdirən Laçın dəhlizi saxlanılmalıydı. Bu danışıqların əsas mövzusu idi. Lakin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında 2020-ci ildə heç bir görüş keçirilmədi və təkliflərə də baxılmadı”.

Jurnalistin “münaqişə yenidən baş qaldıra bilərmi” sualına Nurqaliyev birmənalı cavab verməyib və prosesi “Köhnə Qarabağ münaqiçəsi” adlandırıb. O deyib ki, hazırda Azərbaycan və Ermənistan arasında imzalanmış bəyanat və Moskva görüşündə əldə edilmiş razılaşmalar münaqişənin yenidən alovlanmasına imkan vermir. “Bu razılaşmalara əsasən Azərbaycan və Ermənistan arasında dəmir və avtomobil yolları çəkiləcək. Həmin yollardan Türkiyə, Rusiya, İran və Gürcüstan da istifadə edə biləcək. Köhnə Qarabağ münaqişəsinin tamamilə unudulması və aradan qaldırılması üçün tərəflər fundamental işləri birgə görməlidir”.

24-01-2021