Qüdrəti danışdıran “dil”, Moskvanın istəyi və İran sərhəddi...


Azərbaycanda son günlər bəzi siyasət adamlarının açıqlamaları ziddiyyətli olmaqla yanaşı, həm də populistlikdən başqa bir işə yaramır. Cəmiyyətin rəğbətini qazanmaq üçün atdıqları addaımlar isə yanlış və ya yalan açıqlamalar səbəbindən bumeranq effekti yaradır.

Lakin bəzi partiya sədrləri də var ki, onlar özlərinin deyil, onları himayə edən məmurların dilindən danışmağa üstünlük verirlər. Daha doğrusu, himayədarların istəklərini ifadə edir, və ya hansısa bir fikrin cəmiyyətə yeridilməsinə çalışır.

Bu günlərdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev də açıqlama verərək, Rusiya sülhməramlılarının Qarabağa gəlişi məsələsinə haqq qazandırıb. Ümumiyyətlə, Həsənquluyevin indiyə qədər açıqlamalarında ruslara qarşı hər hansı bir aqressivlik müşahidə olunmasa da, təqdir etmədə diqqəti çəkməyib. Lakin son Qarabağ savaşından sonra partiya sədrində bir rus “məhəbbəti” yaranıb ki, bunun da haradan qaynaqlandığını demək elə çətin deyil.

Həmin açıqlamada bir fikir var ki, daha çox müzakirə predmetinə çevrilib. Söhbət Qüdrət Həsənquliyevin “Elçibəy də rus ordusunun Azərbaycanda qalmasına razılıq vermişdi” ifadəsindən gedir. Bu məsələyə həmin dövrdə hakimiyyətdə olmuş şəxslər kəskin reaksiya verərək, Həsənquluyevin yalan danışdığını və saxtakarlıq etdiyini bildiriblər. Onların sözlərinə görə, Əbülfəz Elçibəy hakimiyyətə gəldikdən sonra rus ordusunu Azərbaycandan çıxarıb və onların geri qayıtmaq təklifinə rədd cavabı verib.

Əslində, məsələnin mahiyyəti nədir? Və ya Qüdrət Həsənquluyev bu sözü ortalığa atmaqla nə demək istəyib? Məsələ belədir ki, Rusiya son dönəmlər Azərbaycanda mövqelərini yenidən möhkəmlədə bilib. Onların Qarabağa gecəylə qoşun yeritmələri, Bakıya davamlı təzyiqlər göstərməsi, habelə ölkəmiz ətrafında bəzi oyunlar oynamaları daxildəki ruspərəstlərin dirçəlməsinə və dillərinin açılmasına gətirib çıxraıb. Ramiz Mehdiyev və komandasının vəzifədən getməsindən sonra ruspərstlərin hakimiyyətdə mövqelərinin mütləq hissəsini itirməsi görünür, Kremli qane etməyib. İndi isə hakimiyyətdəki başqa bir qanadı işə salaraq, onların diliylə arzularını və istəklərini ifadə etməyə başlayıb. Bunu qısa izahı belədir: Kim pul verirsə, mahnını da o sifariş edir. İndi Qüdrətin oxuduğu “mahnı” da “pul verən” tərəfin “sifarişidir”.

İndi isə keçək Rusiyanın Azərbaycandan nə istədiklərinə. Rusiya hələ SSRİ dağıldıqdan sonra rəsmi Bakıdan iki əsas məsələdə onunla birlikdə olmasını istəyib. Onlardan biri Bakıdakı hakimiyyətin Moskvaya tabeçilik və itaət göstərməsidir. Bunu Mütəllibov tam həyata keçirsə də, Əbülfəz Elçibəy və Heydər Əliyev tam imtina etmişdilər. İlham Əliyev isə prezidentliyi dövründə Rusiya ilə daha çox balanslı bir münasibət qurmağa cəhd göstərib.

Kremlin ikinci istəyi isə Azərbaycanda hərbi baza qurmaqdır. Daha doğrusu, onların istəyi Azərbaycan-İran sərhəddini qorumaqdır. Bu məsələ bütün hakimiyyətlər dövründə müzakirə predmeti olub və heç biri tərəfindən qəbul edilməyib. Əksinə, Əbülfəz Elçibəy rus ordusunu ölkədən çıxarıb, Heydər Əliyev KTMT-yə qoşulmaqdan imtina edib, İlham Əliyev isə Qəbələdəki son rus bazasını ölkədən çıxarmağa nail olub.

Qeyd edək ki, hal hazırda da Rusiyanın bu istəyi yerindədir. Kreml israrla öz hərbi bazasını Azərbaycanda qurmaq istəyir. Qarabağa gecə ilə sülhməramlı adıyla soxulması da həmin istəkdən irəli gəlib. Əksər siyasi analitiklər hesab edirlər ki, Moskva Qarabağda uzun müddət qalmaq fikrində deyil. Onlar hesab edilər ki, Rusiyanın əsas hədəfi Azərbaycanda hərbi baza qurmaqdır.

Son günlər bununla bağlı fikirlərin deputatlar, partiya sədrləri tərəfindən dilə gətirilməsi də təsadüf deyil və vahid mərkəzdən idarə olunur. Yəni, Kremldən gələn təlimat Bakıda təzahür edir. Məsələ isə ondan ibarətdir ki, Moskva Bakını məcbur edir ki, ordusunu Cənub sərhədlərimizə yığıb, İranla sərhəddi nəzarətinə götürsün. Və çox güman ki, ruslar tezliklə Qarabağ məsələsi ilə bağlı danışıqlarda bu arzularını dilə gətirəcəklər. Yəni, Rusiya Qarabağda Azərbaycan hakimiyyətinin təmin olunması üçün şərt irəli sürəcək. Şərt isə belə olacaq: Rus sülhməramlıları Qarabağlı tərk edir, orada Azərbaycan hakimiyyəti tam bərpa olunur. Əvəzində isə Azərbaycan İranla sərhəddinin rus ordusu tərəfindən qorunmasına razılıq verməlidir.

Rəsmi Bakının bu təkliflə razılaşacağı inandırıcı görünmür. Çünki əgər belə bir niyyəti olsaydı, əvvəlcədən bu addıma gedərdi. Lakin hakimiyyət rusların siyasətdəki adamlarının təzyiqləri ilə üz-üzə qalacağı da istisna deyil. Bir sözlə, qarşıda bizi maraqlı proseslər, əcaib tryuklar və qəribə hadisələr gözləyir.

7GUN.az-ın Analitik Mərkəzi

7GÜN XƏBƏR qəzetini sosial şəbəkələrdə izləyin, bəyənin və abunə olun:

1. Facebook

2. İnstagram

3. YouTube

26-01-2021