Vahid Əliyev Bakı kəndlərində zəhərli balıqlar yetişdirir


Prezidentin hərbi məsələlər üzrə keçmiş köməkçisi Vahid Əliyevin hələ işlədiyi vaxtdan biznesə qurşandığı deyilirdi.

7gun.az xəbər verir ki, sözügedən şəxs Bakı şəhərinin Pirşağı qəsəbəsində özünə balıq vətəgəsi yaradıb.

Məlumatda deyilir ki, Vahid Əliyev digər balıqçılardan fərqli olaraq, yeni növ balıq saxlamağa üstünlük verib. Belə ki, son dövrlər Azərbaycanda toylarda “ağ balıq” adı ilə menyuya salınan naxa balığının yeni növünü ölkəyə gətirərək, həmin balıq ətinin biznesini təşkil edib.

Qeyd edilir ki, Vahid Əliyev yeni naxa sortu balığı Afrika ölkələrindən gətizdirib. O, bununla həm çoxaltma prosesində önə düşməyə nail olub, həm də çəkisi nisbətən ağır olan balıqların sayəsində ət satışını artırıb. Həmin balıqların yerli naxalardan fərqi isə ondan ibarətdir ki, Afrika sortu daha çox heyvan ətləri ilə qidalanır.

Məlumata görə, sabiq köməkçi heyvanların qidalandırılması prosesində də “prqores” əldə edib. Belə ki, o, broyler firmaları ilə müqavilə bağlayaraq, kəsilmiş toyuqların içalatlarını balıqlara yem olaraq verir.

Qeyd edək ki, ilk baxışda burada qeyri-adi heç nə yoxdur. Lakin məsələnin təhlükəli tərəfi odur ki, həmin balıqlara yedizdirilən toyuq içalatları istifadə üçün yararsız hesab olunur. Belə ki, broyler toyuqlarının daha tez böyüməsi üçün onlara kimyəvi tərkibi olan qidalar verilir. Həmin kimyəvi məhsullar da toyuqların bağırsaq sistemində yığılıb qalır. Nəticədə, həmin qida kimi istifadə olunan zəhərli maddələr Afrika sortu olan naxa balıqlarına sirayət edir. Belədə, həmin balıqların əti istifadə üçün yararsız hesab olunur. Çünki sözügedən kimyəvi maddələr balığın orqanizminə daxil olur.

Mütəxəssislərin rəyinə görə, qeyd olunan kimyəvi maddələr insan orqanizminə daxil olduqdan sonra müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bu sırada ən təhlükəli olanı isə xərçəng xəstəliyidir. Vahid Əliyevin biznesinin əhali üçün təhlükəli olan tərəfi də budur. Yəni, həmin zərərli balıqlar toylarda kütləvi şəkildə istifadə olunduğundan insanlar üçün problemlər yaradır.

Məsələ ilə bağlı araşdırmalarımız davam edir.

01-02-2021