Baş həkim təyinatı üçün "tender müsabiqəsi" keçirilir?


7GUN.az xəbər verir ki, Masallı rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Cəlil Nəzərovun rayon sakinlərinin xəstəliklərə görə pensiyaya çıxarılmasında rüşvət alması və korrupsiyaya qurşanması faktları ilə bağlı həbs edilməsindən bir aya yaxın vaxt keçir.

Şübhəsiz ki, rayon Mərkəzi Xəstəxanasında baş verən bütün qanuna zidd əməlləri himayə edənlər- Səhiyyə Nazirliyinin, TƏBİB- in, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Masallı rayon İcra Hakimiyyətinin rəhbərlikləri olmuşdur. Səhiyyə orqanındakı rüşvət və korrupsiyanın ağrılarını isə sağlamlığını və əmək qabiliyyətlərini həqiqətən itirmiş insanlar çəkir. Hal - hazırda Masallı rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin etmək müşkülə çevrilib. Rayon sakinlərindən verilən məlumatlara görə İH - nin rəhbərliyi baş həkim təyinatına təqdimat verməkdən ötrü sanki "tender müsabiqəsi" keçirir. Namizədlərin içindən Cəlil Nəzərovu "layiqincə əvəz edəcək" kadr axtarışı aparılır. Məhz bunun nəticəsidir ki, pensiya almaqdan ötrü təkrar tibbi komissiyadan keçmək istəyən xəstələrin sosial hüquqları pozulub. Həkim - ekspert komissiyasından keçmək vaxtı çatan xəstələrin pensiya təminatı yanvar ayından dayandırılıb və fevral ayında da komissiyanın keçiriləcəyi məlum deyil.

Rayon sakinləri həm də bildirirlər ki, Səhiyyə Nazirliyindən verilən göstərişə əsasən xəstələr ən azı 5 dəfə stasionar müalicə aldıqdan sonra xəstəliyə görə pensiyaya çıxa bilər. Bu göstəriş səhiyyə orqanlarında rüşvətin miqdarının qaldırılması üçün əsaslı baza rolunu oynayır. Beləki, pensiya almaq hüququna malik olan xəstələrin sayını azaltmaqdan ötrü verilən ağlasığmaz sərəncam və göstərişlər xəstəliklərə görə insanların pensiya almaq hüququna dair dövlətin Konstitusiyada götürdüyü öhdəliklərə dair humanizm prinsiplərinə, həm də beynəlxalq hüquqi normalara zidd olmaqla yanaşı, küllü miqdarda rüşvət hesabına saxta yollarla pensiya almaq istəyənlərə geniş imkanlar yaradır. Masallıda və bütünlükdə ölkənin səhiyyə sistemində olduğu kimi.

Masallıda saxta pensiyalar verilməsi üçün sabiq baş həkim Cəlil Nəzərova və digər həkimlərə vasitəçilik edən dəllallar hazırda ağır duruma düşüblər. "Xəstələr" pullarını tələb edir. Mərkəzi Xəstəxanada ajiotaj və xaos yaşanır.

Mövzunu gündəmdə saxlayacağıq.

05-02-2021