Lənətlənmiş 130 manat


Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin sosial müavinət resepti

Ölkədə bənzəri olmayan idarə etmə rejimi hökm sürür. Məmurlar dövlət büdcəsindən maliyyələşən nazirlikləri, idarə, müəssisə və təşkilatları dədə-babalarından qalma miras kimi qamarlayıb əmlaklarını həzm edirlər. Rüşvət və korrupsiya pramidasının ağırlığı ölkəni diz üstə çökdürüb. Dağlıq Qarabağ uğrunda kasıb övladlarının şücaəti və qeyrəti sayəsində qələbə ilə başa çatan Vətən müharibəsindən sonra ölkədəki qütbləşmələr özünü açıq - aşkar göstərdi. Oliqarx nazirlər hədsiz - hüdudsuz tamahlarına görə işğaldan azad olunmuş Şuşanı zəbt etmək arzusunda olduqlarını Prezidentdən gizlətmədilər. Bəzi məmurlar vətən uğrunda canlarını fəda edən şəhid ailələrinin və qazilərin sosial problemlərinə sayğısız münasibətlərini biruzə verdilər. Acınacaqlıdır ki, Prezidentə sədaqət andı içib uzun illər ölkəni talayan nazirlərin və digər məmurların istifadəsində olan varidat dövlət büdcəsindən dəfələrlə çoxdur. Tayfa hakimiyyəti onlara ağlasığmaz güc verib. Lakin xalqın ac -yalavac durumda yaşayan hissəsi sabaha ümidini itirmək həddinə çatıb. Gündəlik çörək almağa pulu olmayan ailə başçıları zibil qutularından ərzaq tullantılarını yığıb övladlarına yedizdirirlər. Ölkənin hər yerində yaşamaq uğrunda mübarizə aparan dilənçilərin sayı sürətlə artır. Zəngin təbii-strateji sərvətlərə malik olan bir ölkədə insanların maddi ehtiyaclara görə intihar həddinə çatdırılmaları adiləşib. Bütün sosial və ictimai bəlaların arxasında korrupsiya çirkabına bulaşmış hakimiyyət dayanır.

Ölkənin təhsili, səhiyyəsi, əhalinin sosial müdafiəsi bir qrup işbazların ixtiyarına buraxılıb. Əhalinin sosial müdafiəsi üçün ayrılan milyardların talanıb mənimsənilməsinin nəticəsində xəstəliyə görə sosial müavinətlər və yaşa görə sosial pensiyalar 130 manat həddində qalıb. Prezident Adminstrasiyasının "xeyir-duası" ilə Milli Məclisin qəbul etdiyi qərara əsasən uşaq pulları verilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev də sələfləri kimi xalqa yalan və təskinləşdirici məlumatlar verməkdən savayı irəliləyişə nail olmayıb. Rəsmi statistikaya görə ölkədə minumum əmək haqqı 250 manat məbləğində müəyyən edilib. Xəstəliyə və yaşa görə sosial müavinətlərin 130 manat həddində saxlanılması hansı məntiqə sığır? Milli Məclis hansı əsasla insanları normal yaşamaq hüququndan məhrum edən qərarlar qəbul edir? Prezident İlham Əliyevin bu biabırçılıqdan xəbəri yoxdur?! Nazir Sahil Babayevin və digər yüksək vəzifəli məmurların ailə üzvləri 130 manatla bir ay müddətində yaşaya bilərmi?
Sahil Babayevin sərəncamına əsasən yaşa görə 130 manat sosial pensiya alan şəxslər sahibkarlıq fəaliyyətindən də yararlanıb vergi ödəyicisi ola bilməzlər. Əks -təqdirdə130 manatdan məhrum olacaqlar. Nazirin əcaib - qəraib sərəncamlarının mahiyyətini öyrənməkdən ötrü "mütəxəssislər" baş sındırır. Əhali isə Prezident İlham Əliyevin Sahil Babayevə və lənətlənmiş 130 manata "barmaq silkələyəcəyi günü" səbrsizliklə gözləyir.

Mövzunu gündəmdə saxlayacağıq.

Rafiq

15-02-2021