Mehdi Muradov: "Bu günə qədər 3000 manata yaxın əlavə pul ödəmişəm”


"Ekolizinq” MMC müxtəlif bəhanələrlə məndən əlavə pul qoparmağa çalışır. Faktiki olaraq dələduzluq əməli ilə üzləşmişəm”.

7GUN.az xəbər verir ki, bu sözləri HİT.Az-a Bakı sakini Mehdi Muradov deyib.


Şikayətçi bildirib ki, 28 dekabr 2018-ci il tarixində onunla "Ekolizinq” MMC arasında lizinq müqaviləsi bağlanıb. "Mənə 15 400 manat aldığlıma dair imza atdırsalar da, əslində mən 12 000 manat almışam. 3400 manat müxtəlif adlar altında ilk gündən tutulub Müqavilədən irəli gələn öhdəliklərə görə mən "Ekolizinq” MMC-yə hər ay 621 manat olmaqla ümumilikdə 22 329 manat ödəməliydim. Bunun 15 400 manatı əsas, 6928 manat 75 qəpiyi faiz borcudur. 2019-cu ildən başlayaraq hər ay vaxtlı-vaxtında, bəzən vaxtından əvvəl ödəniş etmişəm. Ödənişlərdə hər hansı problem yaranmayıb. Təsəvvür edin, mən bu pula avtomobil almışam və hər ay krediti ödəyəndən sonra "Ekolizinq” MMC mənə maşın üçün etibarnamə verirdi. Yaxşı müştəri kimi tanındığımdan bəzən etibarnamə bir neçə ay üçün verilirdi. Bu faktı ona görə diqqətinizə çatdırıram ki, mənim tərəfdən hər hansı problemin olmadığına əmin olasınız”, - deyə Mehdi Muradov əlavə edib.

Onun sözlərinə görə, 2020-ci ilin mart ayına qədər hər şey öz axarınca davam edib. "2020-ci ilin mart ayında koronavirus infeksiyasına görə Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilib. Ölkə qapanmaya gedib və mart ayının ödənişini edə bilməmişəm. Lakin bununla bağlı nə ödəniş etdiyim "Bank Respublika”dan, nə də "Ekolizinq” MMC-dən hər hansı xəbərdarlıq almışam. Aprel ayından isə yenidən ödəniş etməyə davam etmişəm. Bu fakt da göstərir ki, üzərimə düşən öhdəlikdən yayınmaq fikrim olmayıb. Sadəcə düşünmüşəm ki, xüsusi karantin rejimi olub, Prezidentin sərəncamına əsasən kredit borclarının faizləri dayandırılıb və mən aprel ayında ödəniş edərkən bunu mart ayı üçün hesablaya və yeni qrafik tuta bilərlər. Amma sən demə, "Ekolizinq” MMC mənə cərimə və əlavə faiz yazıb”, - deyə şikayətçi vurğulayıb.

Mehdi Muradov bildirib ki, 2020-ci il başa çatana qədər hər hansı problem yaranmayıb. 2021-ci ildə isə məlum olub ki, şikayətçinin əlavə "borcu” var: "Cərimə və faizlə birgə 2300 manat borcumun olduğunu dedilər. "Ekolizinq” MMC-nin əməkdaşı yaxşı müştəri olduğuma mənə güzəşt ediləcəyini dedi. Güzəşt isə belə idi ki, mən yanvar ayının da ödənişini etməyim. Fevral ayında isə 2000 manat ödəməklə əlavə borcu bağlayım və yenidən qrafik uyğun olaraq ödənişləri davam etdirim. Razılaşdım və deyilən kimi 2000 manatı ödədim”.

Şikayətçi 2000 manatı ödəyəndən sonra isə ona yenidən bildirib ki, əlavə faiz borcu var. Mehdi Muradov iddia edilən borcu da ödəyib. Lakin "Ekolizinq” MMC-nin faizləri və borcları bitməyib: "Bütün bunlardan sonra məcbur qalıb məsələni ictimailəşdirdim. "Ekolizinq” MMC-nin qanunsuz olaraq məndən əlavə pul aldığını bəyan etdim. Qeyd edim ki, söylədiklərim havadan götürülməyib. Etdiyim ödənişlərin qəbzləri məndədir. Onları sizə də təqdim edəcəm. Özünüz görəcəksiniz ki, mən müqavilədən əmələ gələn öhdəliklərə əməl etmişəm”.

Mehdi Muradovun şikayətindən sonra "Ekolizinq” MMC-nin rəhbrəliyi qəzəblənib: "Bu dəfə "Ekolizinq” MMC-dən mənə xəbərdarlıq məktubu gəldi ki, bəs 1350 manat əlavə borcunuz var. Xəbərdarlıq məktubu mayın 21-də tərtib edilib. Mən isə onu mayın 27-də almışam. Məktubda qeyd edilmişdi ki, göstərilən məbləğ 10 gün ərzində ödənilməlidir. Mən də mayın 31-də həmin məbləği ödədim. Düşündüm ki, bununla da məsələ qapandı. Yenidən iyun ayı üçün 700 manat ödəmişəm”.

Şikayətçi deyir ki, bundan sonra yenidən ona borc yazılıb. "700 manatı ödədikdən sonra maşını üçün etibarnamə verilməsini istədim. Bu dəfə də dedilər ki, 515 manat əlavə borcun var. Mən "Ekolizinq” MMC-nin rəhbərliyi ilə əlaqə saxlayaraq, bu borcun haradan yarandığını soruşdum. Pandemiya vaxtı mart ayında ödəniş etmədiyim əsas gətirildi. Bildirdim ki, axı mən buna görə bir neçə dəfə artıq pul ödəmişəm. 2000 manat, daha sonra 1350 manat ödədiyimi xatırlatdım. Hələ bəzi aylar artıq ödənişlər etdiyimi bura daxil etmirəm. Lakin nəticəsi olmadı. Əlavə borcun necə yarandığını izah edə bilmirlər. Verdikləri sənədlər üzrə hesablama apararkən onların dedikləri ilə sənədlərdə əksini tapan rəqəmlər ziddiyyət təşkil edir. Bunları izah etməkdənsə, mediaya şikayət etdiyimi mənə xatırladaraq faktiki olaraq şantaja keçdilər. Bu günə qədər 3000 manata yaxın əlavə pul ödəmişəm”, - deyə Mehdi Muradov bildirib.

Mehdi Muradov əlində olan sənədləri redaksiyamıza təqdim edib. Sənədlər onun dediklərini təsdiq edir. Vətəndaş deyir ki, artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmək niyyətindədir.

Mehdi Muradovun birinci şikayətindən sonra "Ekolizinq” MMC-nin direktoru Pərvin Bədirxanov bildirmişdi onun dedikləri əsassızdır: "Birincisi, biz lizinq təşkilatıyıq. Lizinq təşkilatı müstəqil təşkilatdır. Mərkəzi Bank, Maliyyə Palatası və başqa bir təşkilata tabeçiliyi yoxdur. İkincisi, müstərinin məşğul olduğu fəaliyyət sahəsi pandemiya güzəştlərinə aid edilmir. Biz buna baxmayaraq, Mehdi Muradova yazılmış 600 manat cəriməni bir dəfə güzəşt etmişik və bu günə qədər yazılan cərimələri də güzəşt etməyə hazırıq. Bir şərtlə ki, gəlib bizdən yazılı xahiş etsə. O, gecikdirdiyi əsas məbləğə hesablanan faiz məbləğidir. O adamı mən qəbul etmişəm və ona da borcu ödədikdən sonra hesablanmış cərimələri keçəcəyimizi demişəm. Özü də bilir. 150 manat cəriməni keçirəm, qalan əsas məbləğlə faiz məbləği toxunulmazdır. Dövlətin hakimi, məhkəməsi belə faiz məbləğinə əl vura bilmir. Cərimənin 10-20 faizini keçir, amma biz cərimənin hamısını keçirik”.