Cəzaçəkmə müəssisəsində rəzalət


Şirvan şəhər sakini Əmirov Mətləb Sabir oğlu 7GUN.az-a müraciət edərək Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində üzləşdiyi əzab-əziyyətlər barədə məlumat verib.

O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirli bilinərək 3 oktyabr 2019-cu il tarixdən 27 may 2021-ci ilə kimi ümumi rejimdə cəza çəkdiyini bildirib. 2- ci qrup əlil olan Mətləb Əmirov hal- hazırda 2 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışan Vüsal Aslanovun, onun müavini Vüsal Əliyevin, təlim-tərbiyə işləri üzrə müavin Rantik Qələndərovun və Asim adlı əməkdaşın ondan və digər məhkumlardan pul almaqdan ötrü müxtəlif qanunazidd vasitələrdən istifadə ediklərini bildirib. Mətləb Əmirov deyir ki, karantin sınağı müddətində ondan məcburən 400 manat pul alınıb. Vüsal Aslanovun karantin bölməsində başçı təyin etdiyi Anar adlı məhkum cəzaçəkmə müəssisəsinə təzəcə daxil olmuş məhkumlardan müəssisə rəhbərliyinin tələb etdiyi məbləği almaq üçün məhkumları gün uzunu həyətdə saxlayır, onlara müxtəlif işgəncələr tətbiq edirdi. Karantin sınağından çıxdıqdan sonra ümumi rejimli korpusda və aşağı çarpayıda yerləşmək üçün Asim ondan 300 manat pul verməsini tələb edib. Ailəsi faizlə borc alaraq həmin məbləği Asimə çatdırıb. Cəzasının 2 ilini çəkdikdən sonra Mətləb Əmirov qanuna müvafiq olaraq cəzasının qalan 10 ayından azad olunmaq üçün Rantik Qələndərova müraciət edib. Qələndərov isə rəisin tapşırığına əsasən ondan 10.000 manat pul istəyib. Lakin, o, tələb olunan məbləğdə pul verməyə imkanı olmadığını çəzaçəkmə müəssisəsinin rəisi Vüsal Aslanova bildirdikdən sonra daxili intizam qaydalarını pozması bəhanəsiylə bir neçə gün inzibati binada ayaq üstə qalmağa məcbur edilib. Vüsal Aslanov ona bildirib ki, dustaqların verdiyi pul Penitensiar Xidmətin rəhbərliyinə çatır. Hər hansı bir dustaq vaxtından əvvəl azadlığa çıxmaqdan ötrü çəkdiyi cəza maddəsinə uyğun haqq- hesab verməlidir.

Mətləb Əmirov bildirir ki, 17 saylı cəzaçəkmə müəssisəsində də dustaqlar ailələrinin gətirdikləri ərzaqla qidalanırlar. Ailə üzvləri ilə görüşməkdən ötrü məhkumlardan 100- 150 manat pul tələb olunur. Məhkuma gətirilən 1qutu siqaretə görə 20 manat rüşvət alınır. Müəssisə rəhbərliyinin qanunsuz əməllərinə etiraz edən dustaqlar ciddi cəzalanırlar. Dustaqlara qarşı şəxsiyyəti alçaldan hərəkətlər tətbiq olunur.

Mətləb Əmirov 17 saylı cəzaçəkmə müəssisəsində gördüyü rəzalətlər barədə ölkə rəhbərliyinə və beynəlxalq təşkilatlara müraciət edəcəyini bildirib.

P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.