Penitensiar Xidmətin talançı "generalı"


General ali xüsusi rütbədir. O rütbə yalnız ölkə başçısının sərəncamı ilə verilir. Bütün rütbəli şəxslərin ən böyük arzuları general olmaqdır. Belə bir deyim də var ki, general olmaq istəməyən əsgər, əsgər deyil. Həmin arzusu gerçəkləşən çox az adam olur. Təəssüf ki, generalların arasında bu ali rütbəyə laiq olmayan şəxslər də var. Hətta deyərdik ki, onların sayı heç də az deyil. General rütbəsinə laiq olmayanlardan biri də Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovdur. Onun yarıtmaz fəaliyyəti hər addımda nəzərə çarpır. Ceyhun Həsənov heç də hansısa uğurlu fəaliyyətinə görə deyil, rüşvətxorluqda və korrupsiyada böyük təcrübəyə malik olduğu üçün bu gün vəzifə başındadır. Yəni o, alış-verişi yaxşı bacarır.

7GUN.az olaraq 2 ay bundan əvvəl məlumat vermişdik ki, Ceyhun Həsənov Penitensiar Xidmətin Kadrlar şöbəsinin rəisi Əflatun Məmmədovun vasitəsi ilə işə düzəlmək istəyən 10- dan çox şəxsdən ümumilikdə 240 min manata yaxın rüşvət alıb. Lakin müracət edənlərdən kimsə işlə təmin olunmayıb. Çox get-gəldən sonra həmin şəxslər Əflatun 6Məmmədovdan pullarını tələb ediblər. Amma, Ceyhun Həsənovun təhdidləri ilə üzləşiblər. İşə düzəltmə adı altında aldanılan şəxslər Prezident Aparatının qarşısında Ceyhun Həsənovdan və Əflatun Məmmədovdan şikayət edəcəkdilər. Şikayətçilər deyirlər ki, sadəcə olaraq başqa bir problem yaşandığı üçün proseslər ləngidi. İndi görürsünüzmü ölkədə narazılıq yaradan Ceyhun Həsənov kimi məmurlardır?

Bu arada əldə etdiyimiz başqa bir məlumata görə, təxminən bir neçə ay öncə Penitensiar Xidmətin rəisi Ceyhun Həsənov cəzaçəkmə müəssisələrinin birinin rəisinin kobud təftarı ilə üzləşib. Bilirsiz niyə? Rüşvətin miqdarının artırılmasına görə. Hətta tərəflər arasında yaranmış gərgin münasibət qarşılıqlı təhqir həddinə çatıb. Bu barədə növbəti yazılarımızda ətraflı məlumat verəcəyik.

Hazırda başqa bir məsələ barədə də məlumat verək. Yəqin ki, diqqətli oxucularımız bir müddət əvvəl Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının rəisinin tərbiyə işləri üzrə müavini Elşad Abbasovun öz xidməti maşını ilə dağlarda istirahət etməsi barədə video yayılmladığımızı unutmayıb. Elşad Abbasov sözügedən istintaq təcridxanasının işçiləri ilə birlikdə xidməti avtomobillə dağlarda gəzintiyə çıxmışdılar. Kimsə deyə bilər, burda nə var ki? Var, var...

Öncədən qeyd edək ki, hər kəsin istədiyi kimi istirahət etmək hüququ vardır. Buna qadağa qoymaq olmaz. Ancaq söhbət tam başqadır. Elşad Abbasov vəzifəli şəxsdir. Daha öncə qeyd etdiyimiz kimi o, Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasının rəis müavinidir. Dövlət tərəfindən xidməti avtomobil ona dağlarda gəzmək üçün verilməyib. Adından da göründüyü kimi xidməti avtomobildən söhbət gedir.

Heç şübhəsiz ki, bu məsələdən Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun, onun müavinlərinin və digər yüksək vəzifəli şəxslərin xəbəri oldu. Elşad Abbasova bu hərəkətinə görə "gözün üstə qaşın var" deyən oldumu? Olmadı. Ola da bilməz. Bilirsiz niyə? Elşad Abbasov o vəzifəyə elə-belə təyin olunmayıb ki... O, kimlərinsə "bığının altı"dan keçərək görəvə gətirilib. Kim olursan ol, tabeçiliyində olandan rüşvət alırsansa, onun yanında gözün kölgəli olur. Rüşvət aldığın adama hər səhvinə görə söz deyə bilmirsən.

Yazıda adları çəkilən şəxslərin də mövqelərini dərc etməyə hazırıq. Təbii ki, əgər istəsələr.

A.Balayeva