BÖLMƏLƏR


«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Professor Cəmil Həsənlinin yeni monoqrafiyası nəşr edilib

19
  • + A
  • - A
  • Professor Cəmil Həsənlinin yeni monoqrafiyası nəşr edilib
    Bu günlərdə professor Cəmil Həsənlinin "Azərbaycanda Sovet liberalizmi: Hakimiyyət. Ziyalılar. Xalq. (1959-1969)" adlı yeni monoqrafiyası nəşr olunub.Adından və xronoloji çərçivəsindən göründüyü kimi, əsər XX əsr Azərbaycan tarixinə Vəli Axundov onilliyi kimi daxil olan bir dövrü əhatə edir.
    Oxuculara təqdim edilən bu kitab professor Cəmil Həsənlinin uzun illər apardığı elmi axtarışların nəticəsidir. Əsər xronoloji baxımdan müəllifin on il əvvəl nəşr olunmuş "Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar (1954-1959)" monoqrafiyasının davamıdır. Kitabda ötən əsrin 60-cı illərində Azərbaycanda Vəli Axundov, Məmməd İsgəndərov və Ənvər Əlixanovdan ibarət siyasi rəhbərliyin formalaşması, sosial-iqtisadi və mədəni həyatda baş verən dəyişikliklər, cəmiyyətin Stalinin şəxsiyyətə pərəstiş düşüncəsindən azad olması, ədəbiyyat və sənətdə müşahidə edilən yeni meyllər, yaradıcılıq təşkilatlarında gedən proseslər, Güneyli demokratların Sovet Azərbaycanındakı taleyi, həmin illərdə ateizm təbliğatı və sosial-dini mənzərə, kommunizm quruculuğu və 1963-cü il aclığı, kosmosun fəthi və qarğıdalı epopeyası, Sovet cəmiyyətində narazılığın artması və 1963-cü ilin Sumqayıt hadisələri, 60-cı illərdə Dağlıq Qarabağda gedən sosial-siyasi proseslər və sair məsələlər əhatə edilib.
    Əsərdə qeyd edilir ki, sənət və ədəbiyyatda bu illər 60-ıncılar kimi yadda qalıb, lakin bu ifadə yalnız sənətə və ədəbiyyata aid deyil, bütövlükdə düşüncə tərzi və idarəçilik sistemində baş vermiş sovet liberalizminin təzahür forması idi.
    Monoqrafiyanın hazırlanmasında müəllif Azərbaycan respublikası və Rusiya Federasiyasının partiya, dövlət, təhlükəsizlik orqanları və hökumət sənədlərinin saxlandığı müxtəlif arxivlərin materiallarından geniş istifadə edib. İlk dəfə elmi dövriyyəyə gətirilən çoxlu sayda nadir arxiv materialları araşdırmanı tənqidə dözümlü, müəllifin fikir və mülahizələrini etibarlı edib. Kitab Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə məşğul olan mütəxəssislər, humanitar ixtisaslar üzrə təhsil alan tələbələr və yaxın keçmişimizin tarixinə maraq göstərən geniş oxucu dairəsi üçün nəzərdə tutulub.