Azərbaycan jurnalistlərinin şikayəti üzrə kommunikasiya başlayıb


Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan jurnalistlərinin şikayətləri üzrə kommunikasiyaya başlayıb.

7GUN.az Turan İA-nə istinadən xəbər verir ki, vəkil Fariz Namazlının Facebook səhifəsində yaydığı məlumata görə, Milli Məclisin keçmiş deputatı Cəlal Əliyevin şikayəti üzrə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə həbs olunan Yaşar Ağazadə və Rövşən Mahmudovun şikayəti üzrə Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin (ifadə azadlığı) pozuntusunun olub-olmaması ilə bağlı;

2009-cu ildə Təhmasib Novruzovun şikayəti əsasında Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən jurnalist Sərdar Əlibəylinin 2 şikayəti üzrə;

Əli Rəşid oğlu Həsənov adlı jurnalistin 2008-ci ildə Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə 6 ay müddətinə məhkum edilməsinə dair şikayəti üzrə kommunikasiya başlayıb.

Xatırladaq ki, 2007-ci ildə deputat Cəlal Əliyevin xüsusi ittiham qaydasında şikayəti üzrə "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə Cinayət Məcəlləsinin 147.2-ci (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək Yasamal Rayon Məhkəməsinin 16 aprel tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. "A.M.A.Y - Əliyevlərin ticarət markası" adlı məqalədə AMAY Ticarət Mərkəzinin Cəlal Əliyev tərəfindən himayə olunması göstərilib.

2009-cu il 22 iyulda "Nota" qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyli və qəzetin yazarı Fərəməz Allahverdiyev Cinayət Məcəlləsinin böhtan (maddə 147) və təhqir (maddə 148) ittihamına görə Nizami Rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılıb.

"İdeal" qəzetinin baş redakoru Əli Həsənov vətəndaş Səbirə Məmmədovanın iddiası əsasında Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəsi ilə təqsirli bilinərək 2008-ci il noyabrın 14-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 6 ay, vətəndaş Fəxrəddin Qasımovun iddiası əsasında 2 ay, ümumilikdə 8 ay müddətinə azadlıqdan məhrum edilib. Əli Həsənov Milli Məclisin qəbul etdiyi amnistiya aktı ilə 2009-cu il aprelin 10-da azadlığa buraxılıb.

12-06-2018, 02:36