Kimə dedim, gördüm, yarıtmadılar"
Lirik mahnıların sevilən ifaçısı Könül Kərimova 2012-ci ili həvəslə qarşılayıb. Müğənni bu il yaradıcılığında bir çox yenilik etməyi planlaşdırır. İfaçı “Azadinform”a açıqlamasında pərəstişkarları qarşısına yeni bir səpkidə çıxacağını dedi:
“Evdə də deyirəm ki, mən hər ili belə səbrsizliklə qarşılamamışam. Yaradıcılığımla əlaqədar içimdə müəyyən şeylər var ki, onları 2012-də həyata keçirmək niyyətindəyəm. Səhnədə bir az da olsa, özümü başqa tərəflərdən də görmək istəyirəm. Musiqidə, tərzimdə bir balaca dəyişiklik olacaq. Ruh, ürək, içimdəki hiss qalacaq. Amma istəyirəm ki, bir az ciddi yanaşma tərzi olsun”.
Könül Kərimova keçən il populyar olan mahnılarından birinə bu il ekran həyatı verəcək. Özünü mahnı müəllifi kimi də sınayan müğənni bu il də sözləri və musiqisi özünə aid olan yeni mahnılarını təqdim edəcək:
“İnşallah, klipimiz çəkiləcək. Bu ilin əvvəlində “Narin-narin” mahnımızı lentə aldırmaq istəyirik. Klipə Gülər xanım quruluş verəcək. “Narin-narin” mahnısı mənim yaradıcılığımda yeni bir yol açdı. Mənim ən sevdiyim rəqəm 7 rəqəmidir və elə “Narin-narin” albomumda da bu mahnı 7-ci yerləşdirilib. Yeni bir mahnımız da var, Nazimlə bir hissəsini artıq işləmişik, o da bu yaxınlarda işıq üzü görəcək. Bu isə optimist ruhlu lirik mahnıdır.
Ötən il ilk dəfə olaraq sözləri Zemfira Əlişqızına məxsus “Taparam səni” adlı yeni bir mahnı yazdım. Özü də acığa yazdım. Kimə dedim, gördüm, yarıtmadılar. Ümumiyyətlə, həmişə mahnılarımda mövzunu mən verirəm. Məsələn, “Gəzərəm hər diyarı, taparam mən səni, yar, süzərəm gizli-gizli, araram mən səni yar” – bax, bu cümlə şəxsən öz içimdən gəlib. Zemfira xanımdan xahiş etdim ki, bu sözlərin davamı olaraq bəndlər əlavə etsin”.