 |
Şrift : |
|
 |
Tarix : | 26-10-2011, 15:33 |
Bölmə : |
Gündəm |
Kömək : |
|
Baxılıb :
| 634 dəfə |
Like : |
|
Like : |
|
|
Media rəhbərindən 500 manat ala bilməyən idarə başqa bir qanunsuzluğa əl atdı
Ölkə əhalisinə divan tutan idarə işçiləri heç bir xəbərdarlıq etmədən gah vətəndaşları qanunsuz yerə cərimələyir, gah da qaz xətlərini kəsirlər. Onların budəfəki hədəfləri 24saat.az portalının redaksiyası olub. Belə ki, Nəsimi rayon Qaz İdarəsi qanunsuz olaraq xəbər portalının qaz xəttini kəsib. Səbəb kimi isə guya redaksiyanın idarəyə təxminən 150 manata qədər borcunun olmasıdır. 24saat.az saytının rəhbəri Sudef Məcidov 7GUN.AZ portalına açıqlamasında bildirdi ki, Nəsimi rayon Qaz İdarəsi heç bir səbəb olmadan qazımızı kəsib. Səbəbini soruşduqda isə guya 150 manata qədər borc yaranıb: “Problem yarananda idarənin rəisi ilə danışdım. O, məndən 500 manat rüşvət tələb etdi. Pulu ödəcəyim təqdirdə qaz xəttini kəsməyəcəyini dedi. Mən ona 24saat.az xəbər portalının rəhbəri olduğunu dedim. Bundan sonra rəis bildirdi ki, qaz xətti kəsiləcək. Ya pulu ödəyin, ya da dediyimiz məbləğlə razılaşın. Biz media nümayəndəsi olduğumuzu yenidın xatırlatdıq. Bu zaman rəis qısa bir cavab verdi ki, gedin, əlinizdən nə gəlirsə, edin”. Sudef Məcidov bildirir ki, əslində bildirişdə borcun ödənməsinə görə abunəçiyə 3 gün vaxt verilir: “Bunların isə məqsədi sadəcə abunəçinin üzərinə getmək, onu bir az da olsa qorxutmaq və ondan göstərilən məbləği qoparmaqdır. Cərimə bildirişində qanunsuzluğu göstərən fakt odur ki, tarix ilin əvvəlinə, yəni fevral ayına təsadüf edir. Əgər fevral ayında belə bir qanunsuzluq vardısa, niyə xəbərdarlıq etmirdilər. İkincisi də 24saat.az xəbər portalı avqust ayından fəaliyyət göstərir. İdarə isə deyir ki, siz borcu fevraldan ödəməlisiniz. Ortada nə az, nə çox 5 ay fərq var. Bu, qanunsuzluq deyil, bəs nədir?”
“Azəriqaz” QSC-də daha nələr baş verir?
...Ümumiyyətlə, Bakı şəhərində bu kimi hadisələrlə tez-tez qarşılaşırıq. Hətta elə hallar olur ki, vətəndaşa heç bir xəbərdarlıq edilmədən sayğaclar açılaraq götürülür və bir daha geri qaytarılmır. Vətəndaş isə istifadə etdiyi qazın pulunu necə və hansı qaydada, kimə verəcəyini bilmir. Buna görə də bəzən aylayla qaz pulu ödənməmiş qalır. Bu zaman “Azəriqaz” QSC-nin rayonlar üzrə əməkdaşları həmin vətəndaşın evinə gedərək, son aylar qaz pulunu ödəmədiyi üçün müəyyən məbləğdə borcun yarandığını bildirir. Etiraz etmək istəyəndə isə ya qazının kəsiləcəyi ilə hədələnir, ya da belə təklif irəli sürülür ki, ayda bu qədər məbləğ ödə, borcun silinsin. Buna oxşar hadisə isə bu yaxınlarda mənim, bu yazının müəllifinin başına gəldi. Belə ki, bir ildən artıqdır ki, Suraxanı rayonun Bülbülə qəsəbəsində bir evdə kirayədə yaşayıram. Ötən ilin oktyabr ayında bu evə girəndə evin sahibi bildirdi ki, qazın sayğacını bir neçə ay bundan əvvəl rayon qaz idarəsindən gələrək söküb apardılar. Çünki, sayğac qəfildən xarab oldu. İdarənin əməkdaşları ona bildiriblər ki, yaxın vaxtlara qədər sayğacı təmir edib qaytaracağıq. Ancaq bu vaxta qədər nə aparatdan, nə də idarənin işçilərindən xəbər ala bilirik. Ev yiyəsi onu da bildirdi ki, idarənin həmin küçəyə baxan bir əməkdaşı var. Yaxın günlərdə gələr, onunla söhbət edərsiniz. Razılaşdım və evə köçdüm. Bir neçə gündən sonra Ruhin adlı həmin əməkdaş mənimlə evimin yanında görüşdü və sayğac olmadığı üçün ayda 10 manat ödəmə etməyimi istədi. Sonda belə razılaşdıq ki, payız aylarında 10 manat, qış aylarında 15 manat, yaz və yay aylarında isə 5 manat ödəyəcəm. Bu ilin iyun ayına qədər, həmin qayda ilə qaz pulunu ev sahibinə verirdim, əməkdaş da ordan gəlib götürürdü. İyun ayında isə onu başqası ilə əvəz etdilər. Yeni gələn günlərin birində ev sahibindən mobil nömrəmi alıb, mənə zəng etdi. Özünü təqdim edəndən sonra birbaşa mətləbə keçən əməkdaş yay ayı olmasına baxmayaraq, ayda 15 manat ödəməmi tələb etdi. Mən qısa olaraq, gedib ev sahibi ilə danışmasının xahiş etdim. Ancaq o mənim xahişimə əməl etmək istəməyərək, dediyindən dönmədi. Mən də buna görə telefonu söndürdüm. Axşam isə evə gedəndə mənə dedilər ki, həmin əməkdaş iki nəfəri də özü ilə götürərək evə gəlib və həyat yoldaşımdan 20 manat pul tələb edib. O da deyib ki, axşam yoldaşım gələr, danışarsınız. Bu zaman işçilərdən biri hasara qalxaraq, qazı bağlayır. Əməkdaş isə bildirir ki, ya pulu ödəyin, ya da sayğac alın quraşdırın. Mən də bunu eşidib, ona zəng etdim və Ruhinlə razılaşdığımız şərti ona dedim və bildirdim ki, mən ev sahibi yox, kirayənişinəm və bu evdə pul verib qalıram. Qaldı ki, sayğacın quraşdırılmasına, bu, sizin vəzifənizdir. Ya sayğacı gətirin qurun, ya da sizin rəhbərliyə şikayət ərizəsi göndərəcəm. Həm də jurnalist olduğumu və hansı qəzetdə işlədiyimi bildirdim. Həm də dedim ki, əgər mənim şərtlərimlə razılaşmasa, “Azərqaz” QSC-nin rəhbərliyinə zəng edəcəm. Bunu deyib telefonu söndürdüm və ev sahibinə də xəbərdarlıq etdim ki, həmin əməkdaşla danışıb problemi həll etməsə, yaxın günlərdə evi tərk edəcəm.
Bu qanunsuzluqdan heç kəs sığortalanmayıb
...İki gün sonra əməkdaş yenidən zəng vurdu və şərtlərimlə razı olduğunu dedi. Xahiş etdi ki, heç hara şikayət etməyim. Çünki, şikayət etsəm, onu dərhal işdən azad edəcəm. O, bir mühüm məsləni də mənə çatdırdı. Onun sözlərindən belə aydın oldu ki, idarə müdiri əməkdaşlara aylıq “dolya” qoyur. Əgər hansısa işçi ay ərzində həmin məbləği müdirə verməsə, onu işdən çıxarır, üstəlik də keçmiş borcları da onun boynuna yükləyərək, haqqında cinayət işi açırlar. İşçilər də vətəndaşlardan sayğacın yazdığı puldan əlavə pul tələb edir, yaxud sayğacı olmayan insanları müəyyən məbləğlə yükləyirlər. Baxın, budur “Azəriqaz” QSC-nin vətəndaşların başına açdığı oyun. Bu qanunsuzluqdan heç kəs sığortalanmayıb. Bir gün hər hansı birinizin başına belə bir qanunsuz iş gəlsə, təəccüblənməyin əziz oxucular.
Rövşən Ziya
|