Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Bəşər Əsədə xəbərdarlıq edib
Ərdoğan Bəşər Əsədin “Ölənə qədər döyüşəcəm” ismarıcına cavab olaraq Liviyanın devrilmiş və öldürülmüş lideri Müəmmar Qəddafinin sonunu xatırladıb. “Xalqına qarşı mübarizə aparmaq qəhrəmanlıq deyil, qorxaqlıqdır. Öz millətinə qarşı ölənə qədər döyüşmək istəyən birini görmək istəyirsənsə, Nazi Almaniyasına, Hitlerə bax. Əgər bunlardan dərs ala bilmirsənsə, öz xalqına qarşı silahdan istifadə edən, eynilə sənin kimi eyni ifadələri işlədən və 32 gün öncə heç birimizin arzulamadığımız şəkildə öldürülən Liviyanın liderinə bax. Yox, mən qəhrəmanam demək istəyirsənsə, o zaman səndən soruşuram. İsrailin işğal etdiyi Golan Təpələri uğrunda niyə savaşmadın? Qəhrəmanlığını niyə orada göstərmədin, niyə göstərə bilmirsən?!”, – Ərdoğan bildirib. Türkiyə baş naziri Suriyalı əsgərlərin hücumuna məruz qalan türk hacılarla bağlı məsələyə də toxunub. “Həcc ziyarətindən dönən avtobuslarımız silahlı hücuma məruz qalmış, bəziləri də əsir tutulmuşdular. Başqa ölkələrin vətəndaşlarını, ölkəsindəki qonaqları, həm də həcc ziyarətindən vətənlərinə qayıdan insanları qorumaq hər bir ölkənin şərəfi və namusudur. Əsəd, ilk növbədə Türkiyənin səfirlərinə, bayrağına hücum edənləri, torpaqlarından keçən hacılara hücum edənləri tap və məhkəməyə təslim et. Daha artıq qan tökülmədən, zülm olmadan, xalqının, ölkənin və regionun təhlükəsizliyi üçün o taxtdan əl çək!”, – Rəcəb Tayyib Ərdoğan qeyd edib.
7GUN.AZ