 |
Şrift : |
|
 |
Tarix : | 21-02-2012, 12:30 |
Bölmə : |
İqtisadiyyat |
Kömək : |
|
Baxılıb :
| 103 dəfə |
Like : |
|
Like : |
|
|
“Mən bir daha xəbərdarlıq edirəm ki, işinizə məsuliyyətlə yanaşın”
Fevralın 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir Füzuli Ələkbərov bir qrup vətəndaşı qəbul edib.F.Ələkbərov tədbirdə bir ailəyə yaşayış mənzilinin, Böyük Vətən müharibəsində iştirak etmiş 84 yaşlı veterana isə minik avtomobilinin açarını təqdim edib. Görüşdə nazir II qrup Qarabağ müharibəsi əlilinin minik avtomobili ilə təmin olunması barədə müvafiq şöbələrə göstəriş verib. O, digər Qarabağ əlilinin isə mayda Bakının Zabrat qəsəbəsində istifadəyə veriləcək mənzillə təminatı məsələsinə baxılmasını tapşırıb.
F.Ələkbərov Xocalı rayon sakini Əsli Məmmədovanı da qəbul edib. Ə.Məmmədova bildirib ki, ayağındakı yaranın xaricdə müalicəsi üçün 7000 manat lazımdır. F.Ələkbərov qısa müddətdə ona lazımi köməkliyin göstərilməsinə göstəriş verib.
Müxtəlif telekanallarda ünvanlı sosial yardım ala bilməməsindən şikayətlənən Şabran sakini isə nazir tərəfindən görüşə dəvət olunsa da, gəlməyib. Nazirlik əməkdaşları bildirib ki, həmin şəxsə Şabran rayon mərkəzində İcra Hakimiyyəti tərəfindən təmir sexi icarəyə götürməsi və icarə haqqı vermədən işlətməsi təklif olunub. Bələdiyyə isə əkin üçün 3 ha icarə haqqı ödəmədən ərazi təklif edib. Lakin həmin vətəndaşın bu təkliflərin heç birini qəbul etmədiyi müəyyənləşib. Nazir deyib: “Təəssüf ki, dövlət qurumlarının fəaliyyətinə kölgə salan belə şəxslər də var. Mən onun görüşə çağırılmasını istədim və çağırıldı. Amma o, gəlmədi”.
Sonda bir neçə vətəndaşın da müraciətinə baxılıb. Nazir müvafiq göstərişlər verib. O, nazirlik əməkdaşlarına və yerlərdəki müvafiq şöbələrin rəhbərlərinə də xəbərdarlıq edib: “Bu müraciətlərin bir çoxuna yerlərdə baxılaraq, həlli mümkün idi. Mən bir daha xəbərdarlıq edirəm ki, işinizə məsuliyyətlə yanaşın. Əks halda, müvafiq ölçü götürüləcək. Mən nazirliyə müraciət edən hər bir şəxsi qəbul edirəm və bundan sonra da edəcəyəm. Əsaslı müraciətlər həllini tapacaq. Əsassız müraciət edənlərə isə müvafiq izah veriləcək. Təkcə ötən il 500 vətəndaşı qəbul etmişəm. Ancaq yerlərdəki əməkdaşlarımızın bu məsələlərə məsuliyyətli yanaşmaları lazımdır”.
|