 |
Şrift : |
|
 |
Tarix : | 3-10-2011, 18:27 |
Bölmə : |
İqtisadiyyat |
Kömək : |
|
Baxılıb :
| 345 dəfə |
Like : |
|
Like : |
|
|
Vüqar Bayramov: “Proqrama üzv ölkələrdə islahatların davam etdirilməsini dəstəkləyən sammit Azərbaycan qarşısında hər hansı yeni öhdəliklərlə müəyyənləşdirməyib”
Xəbər verdiyimiz kimi, sentyabrın 29-30-da Polşanın paytaxtı Varşava şəhərində “Şərq Tərəfdaşlığı”proqramına üzv dövlətlərin rəhbərlərinin iştirakı ilə sammit keçirilib. Qeyd edək ki, sammitə 6 üzv ölkədən 5-nin - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukraynanın prezidentləri, eləcədə Avropa Birliyi (AB) prezidenti, AB-yə üzv ölkələrin dövlət başçıları, baş nazirləri, vətəndaş cəmiyyəti dəvət olunublar. Tədbirdə yalnız Azərbaycanın hökumət qurumları deyil, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri də iştirak ediblər.
Sammit barədə məlumat verən Vətəndaş Cəmiyyəti Nümayəndə Heyətinin rəhbəri, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov bildirib ki, sözügedən tədbir son illər region üçün təşkil olunan ən mühüm sammitlərdən hesab edilir: “Samitdə Avropa Birliyi ilə “Şərq tərəfdaşlığı” proqramına üzv dövlətlər arasında münasibətlərin tənzimlənməsi eləcə də həmin ölkələrdə islahatların sürətlənməsi məsələləri müzakirə edilib. Tədbirə Avorpa Birliyinin prezidenti, birliyin müxtəlif institutlarının, o cümlədən İqtisadi və Sosial Komissiyasının, Avropa İnvestisiya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, digər beynəlxalq qurumların rəhbərləri qatılıb. Sammitdə “Şərq Tərəfdaşlığı” proqramına üzv dövlətlərin başçılarının bir araya gəlməsi ilə yanaşı beynəlxalq, regional iqtisadi və maliyyə qurumlarının iştirakı tədbirin əhəmiyyətinin artırıb”.
Məlum olur ki, sammit çərçivəsində ikitərəfli görüşlərdən başqa Azərbaycanın da qoşulduğu birgə deklarasiya da qəbul edilib: “Bu deklarasiya Avropa Birliyi tərəfindən sammitin yekunu olaraq yayımlanıb. Həmin bəyannaməyə əsasən Avropa Birliyi Şərq Tərəfdaşlığı”proqramı çərçivəsində həyata keçirilən fəaliyyətləri dəstəkləyir. Bəyannamə eyni zamanda birliklə proqrama üzv ölkələr arasında iqtisadi-siyasi, ticari əlaqələrin genişləndirilməsini, danışıqların asoşativ üzvlük, azad ticarət anlaşmasının imzalanması istiqamətində davam etdirilməsini önə çəkir. Bəyannaməyə görə, Avropa Birliyi Ukrayna və Moldova ilə azad viza rejiminin tətbiqinə başlayır. Uyğun rejimin yaxın zamanlarda Gürcüstanla da tətbiq ediləcəyi gözlənilir. Azərbaycan, Ermənistan, Belarusa gəlincə, onlarla da bu istiqamətdə danışıqlara qərar verilib. Varşava sammiti həmçinin Euronest parlamentlərarası assambleyasının yaranmasını alqışlayır. Sammit “Şərq Tərəfdaşlığı”proqramına üzv ölkələrdə vətəndaş cəmiyyəti forumu vasitəsilə vətəndaş cəmiyyətinin rolunun artırılmasını məqbul hesab edir”.
Onu da bildirək ki, sammitin ilk günündə Avropa Şurası prezidentinin və Polşa baş nazirinin Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri – Vüqar Bayramov və İlqar İbrahimoğlu ilə görüşləri keçirilib. İqtisadçı-alimin sözlərinə görə, həm bəyannamədə vətəndaş cəmiyyətinin rolunun xüsusi qeyd edilməsi, həm də sözügedən görüş Avropa Birliyinə sədrlik edən Polşanın regionda vətəndaş cəmiyyətinin rolunu mühüm qiymətləndirməsindən xəbər verir: “O baxımdan Varşava sammitinin Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin inkişafına müsbət təsir edəcəyi güman olunur. Sammit vətəndaş cəmiyyəti ilə dövlət qurumları arasında münasibətlərin daha da inkişaf etməsinə zəmin yaradacaq. Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova prezidentlərinin, eləcə də Avropa Birliyi və quruma üzv ölkələrin rəhbərinin imzaladığı bəyannamənin birinci maddəsi daha dərin ikitərəfli əlaqələrin inkişafını nəzərdə tutur. Belə ki, həmin maddəyə siyasi, sosial inteqrasiya daxildir. Avropa Birliyi Ukrayna ilə azad ticarətlə bağlı anlaşmanı 2011-ci ilin dekabrına qədər başa çatdıracağını güman edir.Yeri gəlmişkən bəyannamədə Azərbaycan, Gürcüstan, Ermənistanla bu istiqamətdə uğurlu nəticənin əldə edildiyi, danişiqların aparılacağı qeyd olunub. Varşava sammiti “Şərq Tərəfdaşlığı” biznes forumunun yaradılmasını da alqışlayıb. Hesab edilir ki, bu forum Avropa Birliyi ilə proqrama üzv ölkələr arasında ticari əlaqələrin genişləndirilməsinə, həmçinin, kiçik və orta sahibkarlığın inkişafına təkan verəcək”.
Ekspert kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi yönündə xüsusi proqram təklif edildiyini deyir: “Varşava sammitində 2012-2013-cü illərdə bu istiqamətdə 1.9 milyard avro vəsaitin yönəldilməsi razılaşdırılıb. Varşava sammiti Azərbaycanla Avropa Birliyi arasında əlaqələrin daha da genişləndirilməsinə zəmin yaradır”.
Mütəxəssis bildirir ki, sammit Avropa Birliyi tərəfindən makro maliyyə yardımlarının genişləndirilməsini nəzərdə tutur: “Viza rejiminin sadələşdirilməsi yönündə Azərbaycanla danışıqların davam etdirilməsi də mühüm sayılıb. Bəyannamənin vacib maddələrindən biri də Avropa Birliyinin proqramlarda iştirakı ilə bağlıdır. Belə ki, birliyin “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrdə müxtəlif layihələrin - ətraf mühit, aqrar, infrastruktur layihələrinin maliyyələşdirilməsində iştirakının genişləndirilməsi nəzərdə tutulub. Sammit demokratik dəyərlərin müdafəsi baxımından “Şərq tərəfdaşlığı” proqramı üzrə vətəndaş cəmiyyəti forumunu və milli platformaları “Şərq tərəfdaşlığı” ölkələrində əsas institutlar hesab edib. Forumun “Şərq tərəfdaşlığı”proqramı ilə bağlı məsələlərə cəlb edilməsini vacib sayıb. Vətəndaş cəmiyyətinin inkişafı istiqamətində yeni fondun yaradılması irəli sürülüb”.
V.Bayramovun fikrincə, sammitin önəmli tərəflərindən biri də vətəndaş cəmiyyətinin inkişafını dəstəkləyən fondların yaradılmasını özündə ehtiva etməsidir: “Ümumilikdə tədbirin əldə etdiyi razılaşmalar kifayət qədər əhəmiyyətlidir. Bu birmənalı şəkildə ölkədə siyasi, iqtisadi və digər sektorların inkişafına dəstəyin artırılmasına,Avropa Birliyinin iqtisadi islahatlarda rolunun genişləndirilməsinə gətirib çıxaracaq”.
7GUN.AZ
|