Bunun təqribən 2.4 milyon dolları daxili borcdur
2012-ci ilin dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər üçün 362,4 milyon manat vəsait nəzərdə tutulub. Bu, cari illə müqayisədə 15,7 milyon manat və ya 4,5 faiz çoxdur. O cümlədən, dövlətin xarici borclarına xidmətlə bağlı xərclər 235,9 milyon (cari illə müqayisədə 9,7 milyon manat və ya 4,3 faiz çox), dövlətin daxili borcuna xidmətlə bağlı xərclər üçün 126,5 milyon manat (cari illə müqayisədə 6,1 milyon manat və ya 5 faiz çox) vəsaitin ayrılması planlaşdırılır.
Qeyd edək ki, 2011-ci ilin iyul ayına olan məlumata görə, dövlətin daxili borcu 2 361,2 milyon manat, istifadə olunmuş və xarici dövlət borcu hesab edilən kreditlərin həcmi isə 4 512,6 ABŞ dolları təşkil edir.
Daxili dövlət borcunun komponentlərinə gəlincə, dövlət istiqrazları üzrə bu, 223,8 milyon, mərkəzləşdirilmiş kredit resursları üzrə Mərkəzi Bankın silinmiş əsas borcu məbləğində yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə 55,7 milyon, Mərkəzi Bankın kredit resursunu qaytarmaq üçün yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə 69,8 milyon, Mərkəzi Bankın əlavə xərclərə məruz qalması nəticəsində yaranmış kapital çatışmazlığının bərpa edilməsi məqsədi ilə buraxılmış sadə veksel üzrə 255,5 milyon, dövlət zəmanəti ilə Mərkəzi Bank tərəfindən Dövlət Neft Şirkətinə, “Azərüliminium” ASC-yə, “Azərenerji” ASC-yə, AZAL QSC-yə verilmiş kreditlər 1756,4 milyon manat təşkil edir.
Xarici dövlət borcunun strukturuna gəlincə isə bilavasitə hökumətə verilən və dövlət büdcəsi vəsaiti hesabına xidmət edilən kreditlər 2315,4 milyon ABŞ dolları və ya ümumi xarici borcun 51,3 faizini təşkil edir. Qeyd edək ki, bu bölgüyə Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan ölkədə həyata keçirilən iqtisadi islahat proqramlarının dəstəklənməsi və beynəlxalq maliyyə-kredit qurumlarından infrastrukturun bərpası və yenidən qurulması məqsədi ilə alınmış kreditlər daxildir.
Hökumətə verilən, icraçıya ötürülən və icraçı tərəfindən qaytarılan kreditlərin həcmi 1004,1 milyon ABŞ dolları və ya xarici borcun 22,3 faizini təşkil edir. Bu kreditlər əsasən regionların su təminatının yaxşılaşdırılması, elektrik stansiyalarının tikintisi və bərpası, kiçik və orta sahibkarlığın dəstəklənməsi, aviasiya və dəmiryolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi və s. işlərə sərf olunub.
Hökumət zəmanəti ilə təmin edilən və bilavasitə ayrı-ayrı təşkilatlar tərəfindən xidmət edilən kreditlərin həcmi isə 1193,1 milyon dollar və ya ümumi borcun 26,4 faizini təşkil edib. Bu kreditlər infrastruktur üzrə prioritet hesab edilən sahələrin bərpası, yenidən qurulması və inkişaf etdirilməsi məqsədi ilə cəlb edilən kreditlərdir.
7GUN.AZ