«Subasma nəticəsində şəhərin mərkəz küçələrində fərdi təsərrüfatlara ziyan dəyib, bəzi həyətlər, evlərin zirzəmiləri su ilə dolub»
İki gündür cənub bölgəsinə yağan intensiv yağışlar Lənkəranın yaşayış məntəqələrində yenidən subasma hallarına səbəb olub.
7GUN.AZ «Gun.az» portalına istinadən bildirir ki, bu barədə saytın bölgə müxbiri məlumat verib.
Müxbir onu da deyib ki, şəhərin mərkəzi - Həzi Aslanov, Müzəffər Nəsirli, Füzuli, Hacı Zeynalabdin Tağıyev, Sabir Əliyev, Səttar xan, Azad Mirzəyev, habelə rayonun ikinci mikrorayon ərazisindəki bəzi küçələr subasmaya məruz qalıb : «Subasma nəticəsində şəhərin mərkəz küçələrində fərdi təsərrüfatlara ziyan dəyib, bəzi həyətlər, evlərin zirzəmiləri su ilə dolub. Sakinlər, məktəblilər evdən çıxmaqda çətinlik çəkdiklərini bildirirlər. Hazırda adıçəkilən ərazilərdə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin işçiləri suyun normal axmasının təmin edilməsi üçün işlər görür, kanalları palçıqdan təmizləyirlər ».
Bölgə müxbiri onu da qeyd edib ki, Lənkəranda mövcud kanalizasiya sistemi keçən əsrin 60-cı illərdə tikilib. Hazırkı infrastruktura, əhali sayına görə normal işlək gücündə deyil. Lənkəran şəhər İcra Hakimiyyətindən isə bildiriblər ki, bu yaxınlarda rayonda su-kanalizasiya sisteminin yenidən qurulması üçün işlərə başlanıb. Cənub bölgəsində intensiv yağışlar hazırda davam edir.
7GUN.AZ