Müxalifət Novxanıda mitinq keçirir


Yanvarın 31-də - Məmməd Əmin Rəsulzadənin ad günündə müxalifət onun doğma Novxanı qəsəbəsindəki abidəsi önündə ənənəvi mitinqini keçirir.

Saat 11-də 100 il əvvəl Rəsulzadənin qurduğu Müsavat Partiyasının üzvləri və tərəfdarları abidənin qarşısına yığışıblar.

Toplaşanlara üz tutan Müsavat lideri Arif Hacılı Rəsulzadənin təkcə Azərbaycan tarixində deyil, həm də Orta Şərqin bir çox xalqlarının azadlığa nail olmasında böyük rolu olduğunu qeyd edib.

Rəsulzadənin əsas xidmətlərindən biri onun 1920-ci ildə AXC-nin süqutundan sonra boş dayanmayıb, qalan həyatını xaricdə siyasi mühacirətin və mübarizə qabiliyyətli diasporanın formalaşmasına həsr etməsi olub.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri və keçmiş Müsavat başqanı İsa Qəmbər öz növbəsində Rəsulzadə şəxsiyyətini Azərbaycan tarixində "həlledici" adlandırıb.

Məhz Rəsulzadənin dövründə dünya xəritəsində gerbi və bayrağı olan müasir Azərbaycan peyda olub.

Qəmbər müasir Azərbaycan hakimiyyətini Rəsulzadənin xidmətlərinə məhəl qoymamaqda və onun adını unutdurmaqda ittiham edib. Nümunə

kimi o, Rəsulzadənin hələ 1993-cü ildə yaradılmış və indiyədək heykəltəraş Ömər Eldarovun emalatxanasında saxlanılan abidəsini xatırladıb.

"25 ildir bu abidə həbs altındadır. Hakimiyyət yüzlərlə fərqli abidələrin quraşdırılması üçün yer tapır, amma müstəqil Azərbaycanın banisinin abidəsi üçün yer yoxdur. Biz bu abidənin və bütün siyasi məhbusların azad edilməsini və bu abidənin layiqli yerdə quraşdırılmasını tələb edirik", deyə Qəmbər bildirib.

Turan

31-01-2019, 03:23