“Hamını azad et!” kampaniyası


Sosial şəbəkələrdə siyasi məhbusların azad edilməsinə çağıran #hamısınıAZADet #freethemALL heştaqı altında yeni kampaniya başlayıb. Bu barədə kampaniyanın təşəbbüsçülərindən biri Rəsul Cəfərov Facebook səhifəsində yazıb.

"Əsas məqsədimiz və çağırışımız dəyişməz olaraq qalır: siyasi məhbusların hamısı azadlığa buraxılsın!", - R.Cəfərov yazıb. O, istifadəçiləri kampaniyada fəal iştiraka çağırıb. Bunu qısa (30 saniyəyə qədər) videomüraciətlərlə çıxış etməklə,
aprelin 2-də yayılacaq müraciətlərə (petisiyalara) imza atmaqla, kampaniyanın frame və posterlərini kütləvi şəkildə paylaşmaqla, kampaniyaya yeni insanların cəlb edilməsində iştirak etməklə,
rəsmilərin sosial şəbəkələrdəki səhifələrinə çağırışlar yazmaqla etmək olar.

Xatırladaq ki, hüquq-müdafiə təşkilatlarının siyahısına görə, 16 mart əfvindən sonra Azərbaycan həbsxanalarında 74-dən 87-dək siyasi məhbus qalır.

"Azad et!" kampaniyasının birinci mərhələsi Novruz bayramı ərəfəsində keçirilib. Bayramla əlaqədar əfv sərəncamı ilə 52 siyasi məhbus azadlığa buraxılıb

2-04-2019, 01:09