“Bu dövrün sabahı qorxudur məni”

Şrift : |
Tarix :22-04-2019, 02:48
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 308 dəfə
Like :
Like :

    7GUN.az saytı tanınmış şair Bəxtiyar Hidayətin şerlərini təqdim edir:

    Bu dövrün sabahı qorxudur məni
    Bilmirəm kim necə, nə cür edəcək
    Onu bilirəm ki, sabah bu millət
    Bu günkü gününə şükür edəcək

    Ucaldır zəmanə julik insanı
    Yalandı, ucaltmır bilik insanı
    Ən ali dəyərə malik insanı
    Ən alçaq işlərə məcbur edəcək

    Sərvət gəldi, getdi, seyfə çəkilib
    Irəli bir- iki tayfa çəkilib
    Çörək imam kimi qeybə çəkilib
    Gözləyək, bəlkə də zühur edəcək

    Iki ağac üçün qalxdıq ayağa
    Indi yaşıllığa qənimik, qağa
    Özümüz başlarıq yarpaqlamağa
    Dövran göz yaşını puçur edəcək

    Yaralı Bəxtiyar deyənlər haxdı
    Dönübdü taleyi, dönübdü taxtı
    Bir də görəcəksən bir qanun çıxdı
    Vicdanı insana qüsur edəcək

    CIĞALI TƏCNİS

    Yurdun altı qızıl, üstü qızılmış
    Di gəl görək düşdü kimə nə, nədən?
    Aşıq deyər kimə nə
    Kimlər qalxa kim ənə?
    Qanmazı qandırınca
    Dəydi mənimki mənə
    Var dövlət qan kimi keçir deyəsən
    Kiminə babadan, kimə nənədən
    – –
    Deyilsin nə sənə, nə mənə nələr
    Eylədi gözləri nəm ənənələr
    Aşıq deyər nə mənə
    Susuz üzə nəm ənə
    Altı günə yarandı
    Beşgünlükdü nəmənə?
    Gəldi başımıza nəmənə, nələr?
    Kimi baxtdan gördü, kim ənənədən
    – –
    Tapılmaz bir dövlət bir də var məndə
    Yoxdu damazlığa bir davar məndə
    Aşıq deyər bir də var
    Dost kuyinə bir də var
    Yüz nadandan yey olar
    Bir qaramal, bir davar
    Bəxtiyar, dərd beş də, bir də var məndə
    Mənim bu dərdimdən kimə nə nədən?

    ***
    Ölçülə bu dövrün boyuna boz ip
    Kişilik, şəxsiyyət pulnan ölçülür
    Özü döy özünü ifadə edən
    Bu hal oynadığı rolnan ölçülür

    Oldu Yalıncığa cangüdən Beyrək
    Əyrilər it xılı, düz qalıb seyrək
    Dildə İrəvana sancırıq bayraq
    Guya qəhrəmanlıq dilnən ölçülür

    Yaxındı bağrıma köz məsafəsi
    Var bir həqiqətin yüz məsafəsi
    Pisliyin mənzili göz məsafəsi
    Yaxşılıq qarışnan, əlnən ölçülür

    Qarışıb aralıq, itibdi məzhəb
    Cırıq şalvar kimi cırıqlıq bir dəb
    Yaltaqlıq, alçaqlıq olubdu məktəb
    Sədaqət, etibar yalnan ölçülür

    Yaralı Bəxtiyar, qızıl olmaz sink
    Dilim şaka oldu, əlim qabbarsink
    Qələm adamının çörəyi – reytinq
    O da bir arxada xalnan ölçülür


Təqvim

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!