"İfadə verməkdən imtina edirəm"-Polad Aslanov


Ötən cümə jurnalist Polad Aslanovun barəsində yenidən istintaq hərəkəti aparılıb. Lakin jurnalist növbəti dəfə müstəntiqə ifadə verməkdən imtina edib.

7GUN.az-ın Turan.az-a istinadən məlumatına görə, bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova Facebook səhifəsində bildirib.

Jurnalist imtinanın səbəbini ona qarşı işin sifariş xarakterli olması, müstəntiqin qərəzliliyi ilə izah edib.

"Həbsim sifariş olduğu üçün müstəntiq Kənan Əliyev istintaqı qərəzli aparır, tanımadığım insanların yalan ifadələri əsasında və tanıdığım insanlara ailə üzvləri ilə hədə-qorxu gələrək mənim əleyhimə ifadə verməyə məcbur edir. Bu səbəbdən ifadə verməkdən imtina edirəm", - jurnalist yazaraq qeyd edib.

Xatırladaq ki, xeberman.com saytının redaktoru Polad Aslanov iyunun 12-də saxlanılıb. Növbəti gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Ona qarşı CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır. Oktyabrın 5-də jurnalistin həbs müddəti daha 4 ay uzadılıb.

Yerli və beynəlxalq təşkilatlar Polad Aslanova qarşı cinayət təqibini pisləyiblər və hesab edirlər ki, onun həbsinin əsl səbəbi jurnalist fəaliyyəti ilə bağlıdır.

15-12-2019, 07:35