"Ona görə də, biz hesab edirik ki, araşdırmanın aparılması tamamilə qanunsuzdur"-Elçin Sadıqov


Vəkillik fəaliyyəti dayandırılmış Şəhla Hümbətova Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bu gün ifadə etməkdən imtina edib.

7GUN.az Turan.az-a istinadən xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov bildirib.  

Sadıqovun sözlərinə görə, Hümbətova hələ ki, vəkildir, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 7-ci maddəsinə əsasən vəkil öz müştərisi ilə söhbətləri açıqlaya bilməz.

"Vəkillər Kollegiyasının müraciətə əsasən araşdırma başlanıldı. Araşdırma ilə bağlı Şəhla xanım bildirdi ki, hazırda ifadə verməkdən imtina edir. Bizə idarədə bildirildi ki, araşdırma Cinayət Məcəlləsinin 294.1 maddəsi ilə başlanıb. Lakin bu maddə ilə araşdırma aparması üçün yeganə əsas məhkəmənin məlumatıdır. Məhkəmənin isə belə bir məlumatı yoxdur. Müraciətin predmeti olan sənəd məhkəmə tərəfindən sübut kimi qəbul olunmayıb. Ona görə də, biz hesab edirik ki, araşdırmanın aparılması tamamilə qanunsuzdur", vəkil qeyd edib.

Vəkil əlavə edib ki, Hümbətova nə qədər Vəkillər Kollegiyasının üzvüdür Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən araşdırmanın dayandırılmasını xahiş ediblər.

"Biz Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin adına ərizə yazdıq. Ərizə təqdim olunandan sonra qərarı o verəcək."

Şəhla Hümbətova bildirib ki, son aylar ərzində Vəkillər Kollegiyası tərəfindən təqib olunması sırf vəkillik fəaliyyəti ilə bağlıdır.

"Siyasi motivlərlə işdə iştirakımla bağlıdır. Vəkillər Kollegiyasının səbəb kimi göstərdiyi hallar, yəni üzvlük haqqının gecikdirilməsi, vətəndaşın şikayəti və sair sadəcə bəhanədir. Səbəb isə başqadır. Səbəb mənim vəkil kimi siyasi işlərdə iştirakımı dayandırmaq, əvvəlki apardığım işlərə görə cəzalandırmaq və digər vəkilləri çəkindirməkdir".

Hümbətova Vəkillər Kollegiyasının onun vəkillik fəaliyyətinin dayandırılması ilə bağlı məhkəmədən xəbərsiz olduğunu bildirib.

"Tək bildiyim məlumat odur ki, Vəkillər Kolkegiyası məhkəməyə müraciət etməsi ilə bağlı qərar qəbul etdi, lakin sənədlərin məhkəməyə göndərilib-göndərilməməsi ilə bağlı heç bir məlumatım yoxdur."

Hümbətova deyib ki, ona qarşı hələ heç bir ittiham irəli sürülməyib.

"Burada Vəkillər Kollegiyasından daxil olmuş material araşdırılır. İttiham irəli sürülməyib. Mən hesab edirəm ki, ittiham irəli sürülə də bilməz. Bunun üçün heç bir qanuni əsas yoxdur.”

O hüquqları uğrunda mübarizəsini davam etdirəcəyini bildirib.

"Hələ k,i biz tək-tək mübarizə aparırıq və bizi tək-tək sıradan çıxardırlar, öz istədiklərinə nail olurlar, insanları müdafiəsiz qoyurlar. Biz isə təslim olmamalıyıq və bir-birimizə dəstək olmalıyıq. Bu hal birinci hal deyil. Bundan əvvəl siyadi işlərdə iştirak edən vəkillər kollegiyadan xaric olunmuşdu. İndi növbə mənə çatdı. Mən mübarizə aparacam və özümü qorumaq üçün qanunun verdiyi bütün imkanlardan istifadə edəcəm. Çünki mən haqlıyam. Vəkillər Kollegiyası sadəcə mənim barəmdə hansısa qərarı icra edir. Mən isə bununla mübarizə aparacam," o qeyd edib.

17-12-2019, 05:24