"Sabah 11-in yarısı polis rəisinin qəbuluna dəvət ediblər"-Yadigar Sadıqlı


73 saylı Lənkəran şəhər seçki dairəsindən namizədliyini irəli sürmüş Yadigar Sadıqlının seçicilərlə görüşünə polis müdaxilə edib.

7GUN.az xəbər verir ki, bu barədə Yadigar Sadıqlı ToplumTV-yə məlumat verib. 

O, bildirib ki, görüş yerinə 30-a yaxın polis əməkdaşı gəlib: "Göyşaban kəndində saat 8-də çayxanada görüş planlaşdırmışdıq. Görüşə az qalmış məlum oldu ki, çayxana sahibinə təzyiq edib, bağlatdırıblar. Ona görə açıq havada ayaqüstə görüş keçirməli olduq. İnsanlar da sağolsun, getməmişdilər, gözləyirdilər. Görüşdə təqribən 60-70 nəfər var idi. Yarım saat sonra 30-a yaxın polis əməkdaşı gəldi, dedilər ki, kənara çəkilib söhbət edək". 

Polis əməkdaşları Yadigar Sadıqlıya gecə ayaqüstə görüş keçirmək olmaz deyə bildiriblər: "Dedim ki, özünüz təzyiq göstərib çayxananı bağlatdırmısınız. İndi də çöldə görüş olmaz deyirsiniz".  

Yadigar Sadıqlı deyib ki, polis əməkdaşlarının əhaliyə zor tətbiq edə bilmə ehtimallarını nəzərə alıb görüş iştirakçılarına dağlışmalarını tövsiyə edib: "Mənim namizəd kimi toxunulmazlıq hüququm var, amma istəmədim ki, onlara zərər gəlsin. Təklif etdim ki, dağlışaq. Dedim ki, yox, əgər qalmaq təklif edirsinizsə, mən qalaram. Seçicilər bildirdilər ki, yetəri qədər bir-birimizi tanıdıq və sizə səs verəcəyik. Daha sonra isə dağılışdıq". 

"Sabah 11-in yarısı polis rəisinin qəbuluna dəvət ediblər", - deyə Y.Sadıqlı qeyd edib. 

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.  

05-02-2020