Hüquq müdafiəçisinin işi üzrə həkimlərə qarşı istintaq başlayıb


Hüquq müdafiəçisi Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva, vəkil Fuad Ağayev və Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev yanvarın 25-də Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən qəbul edilib.

Görüşdə 1 saylı Dövlət Kliniki Tibb Mərkəzinin və Baku City Hospital özəl klinikasının həkimlərinin ağır nəticələrə - O.Gülalıyevin koma vəziyyətinə düşməsinə, beynində ciddi xəsarətlərə gətirib çıxaran və bu günə qədər davam edən komatoz vəziyyətinə səbəb olan hərəkətləri ilə bağlı məsələlərə baxılıb.

Əməliyyat ictimaiyyətin siqnalından və yüksək səviyyədə göstəriş verildikdən sonra 17 saat gecikmə ilə həyata keçirilib. Sonradan Türkiyənin Avrasiya və American Hospital xəstəxanalarında da bir neçə əməliyyat keçirilib. Bir il ərzində Heydər Əliyev Fondunun yardımı ilə American Hospital-da müalicə aparılıb.

Gülalıyevin ailəsi həkimlərin hərəkətlərinin qərəzli olduğunu və hansısa göstərişə əsasən Gülalıyevin fiziki olaraq ortadan qaldırılması məqsədinə xidmət etdiyini hesab edərək, dəfələrlə onların məsuliyyətə cəlb edilməsi məsələsini qaldırıb.

Bu, O.Gülalıyevin nümayəndələrinin prokuror Hənifəyevlə üçüncü görüşüdür. Əvvəlki görüşlər 2020-ci il iyulun 4-də və sentyabrın 19-da keçirilib.

Bu görüşlərdə bildirilib ki, hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəkili Fuad Ağayev istintaq və prokurorluq orqanlarına dəfələrlə müraciət etməsinə baxmayaraq, hələ də cavab almayıb, baxmayaraq ki, adı çəkilən orqanlar ən qısa müddətdə ona vəsatət və şikayətlərinə baxılmasının nəticələri haqqında məlumat verməli idilər.

Sentyabrın 19-dakı görüş Mehman Əliyevin baş prokuror Kamran Əliyevə istintaqın hərəkətlərindən şikayət yer alan açıq məktubundan sonra baş tutub.

Həmin görüşdə Hənifəyev həkimlərin məsuliyyəti məsələsinin ayrıca işə ayrılması barədə göstəriş verib. Qərəzsiz araşdırma aparılacağı vədi verilib. Amma bu araşdırma aparılmayıb. Yanvarın 6-da Firuzə Gülalıyeva şikayətlə Baş Prokurorluğa müraciət edib, amma cavab gəlməyib. Və yalnız yanvarın 21-də bu müraciət mətbuatda dərc edildikdən sonra hüquq müdafiəçisinin həyat yoldaşı elə həmin gün Baş Prokurorluqda qəbul edilib, ona cinayət tərkibi olmadığına görə dekabrın 22-də Nəsimi rayon prokurorluğunun müstəntiqi tərəfindən həkimlərin işinin bağlandığı və qərarın vəkil F.Ağayevə və F.Gülalıyevaya göndərildiyi bildirilib. Amma tərəflərdən heç birinə qərar çatmayıb. Elə həmin görüşdə bildirilib ki, Baş Prokurorluq istintaqın qərarını ləğv edib və istintaqı bərpa etməyi tapşırıb.

Yanvarın 25-də Nəsimi rayon prokurorluğunda keçirilən görüşdə prokuror Hənifəyev bir daha prokurorluğun hadisənin əsl mənzərəsini müəyyən etməyə çalışdığını bildirib və yenə bütün zəruri tədbirləri görməyi vəd edib. Amma o, indiyədək prokurorluğun araşdırma aparmasına kimin və nəyin mane olduğunu açıqlamayıb.

Bu görüşdə də Gülalıyevin nümayəndələrinə dekabrın 22-də həkimlərin işinə xitam verilməsi barədə qərar təqdim edilməyib, bu da işin ümumiyyətlə aparılmadığı barədə nəticəyə gəlmək üçün əsas verir. İstintaq Səhiyyə Nazirliyi yanında xüsusi qurumun ekspertiza rəyi ilə kifayətlənib.

Dünən isə buna qədər “həkimlərin işini” lazımi şəkildə araşdırmayan müstəntiq vəkilin iştirakı ilə F.Gülalıyevadan ifadə alıb.

Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində maşın vurub. O, xəstəxanaya aparılıb, amma onu yalnız oktyabrın 30-da Respublika Neyrocərrahiyyə Xəstəxanasının cərrahları əməliyyat edib.

2020-ci il yanvarın 25-də Bakının Nəsimi rayon məhkəməsi hüquq müdafiəçisi Oqtay Gülalıyevin sağlamlığına ağır zərər dəyməsi ilə nəticələnən YNH-də ittiham olunan vətəndaş Kənan Abdullayevi cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə onu Azərbaycan CM-in 263.1-1-ci (yol nəqliyyatı və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər dəyməsinə gətirib çıxardıqda) maddəsi ilə təqsirli bilib. Bundan başqa, Abdullayev 3 il ərzində avtomobil sürmək hüququndan məhrum edilib. Turan

7GUN.az-ı sosial şəbəkələrdə izləyin:

1. Facebook

2. İnstagram

3. YouTube

26-01-2021