Jurnalistika öldü, yaşasın jurnalistika!


Əli Həsənovun mətbuata geyindirdiyi dəli köynəyini çıxarmağın vaxtı çatmayıbmı?

İlqar RÜSTƏMOV, jurnalist

"Jurnalistika kimi bir şey XXI əsrdə mövcud deyil”. Hansısa əcnəbi jurnalistin məqaləsinin başlığına çıxardığı bu fikri oxuyanda bir qədər karıxdım. Elə düşündüm ki, bunu kim yazıbsa, yəqin Azərbaycanda jurnalistikanın "öldüyü” xəbərini alıb. Fəqət, Azərbaycanda jurnalistika hələ ölməyib, sadəcə ilyarım əvvələ qədər o, ölümə məhkum edilmişdi. Amma hökm çıxarmaq səlahiyyəti olmayan qatil, tarixin bu ikinci peşəsini ölüm yatağına salmağa nail ola bilib.

Bu fikrin təsirinə qapanıb, jurnalist təhsili ilə bir yerdə, yaşadığım ömrün 36 ilini həsr etdiyim bu peşənin vəziyyətini götür-qoy etmək üçün özüm-özümə sual etdim: Jurnalistikamız niyə bu günə qaldı? Bilirəm, hazırda bu sual təkcə məni yox, ömrünü bu sənətə fəda edən peşəkarların hamısını düşündürür. Bir qism cavablar mahiyyətcə mənə aydın olduğundan deyə bilərəm ki, onların düşüncələri bir-birindən çox da fərqlənmir.

Qaldı mənim niyə jurnalistikamız, milli mətbuatımız haqqında bu qədər bədbin düşünməyimə, əzizlərim, bu əsla subyektiv bədbinlik deyil, dövrümüzün jurnalistikasının gerçək vəziyyətidir. Bir anlıq ən müasir tariximizin müstəsna hadisəsinə çevrilən Qarabağ torpaqlarının işğaldan azad edilməsi uğrunda, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşünü xatırlayın. Bu müqəddəs savaş günlərində milli mətbuatımız müharibənin qarşıya qoyduğu vəzifələrin öhdəsindən gələ bildimi? Niyə özümüzü aldadaq, gələ bilmədi. Çünki bu potensialda da deyildi. Xalqımızın, dövlətimizin bu haqlı davasında bütün mümkün informasiya, media resursları ilə üstümüzə yeriyən Qərbin ermənipərəst politoloqları, jurnalistləri, ekspertləri qarşısında Azərbaycan mətbuatı çox aciz görünürdü. Tanrıya şükürlər olsun ki, bu işdə də dərin zəkasını, soyuq məntiqini, strateji düşüncəsini, hazırcavablığını, diplomati-siyasi erudisiyasını ortaya qoyan Azərbaycan Prezidenti İlham Əliyev bu xəcaləti üstümüzdən götürdü. Bəli, döyüş meydanında Ali Baş Komandanın çevik, düşünülmüş döyüş planlarını əzmlə, cəsarətlə, müdrikliklə və dəqiq yerinə yetirən zabit-general korpusu, mətin, qorxmaz əsgərləri var idi. Amma Azərbaycana qarşı informasiya müharibəsində aramsız atəşləri, etiraf edək ki, Prezident İlham Əliyev təkbaşına dəf etdi və bu savaşdan da qalib çıxdı. Beynəlxalq müstəvidə feyk xəbərlərin xaç yürüşünə, siyasi təzyiqlərə tutarlı əks –hücumla məhz İlham Əliyev cavab verə bildi. 30 ildən artıq bu sahədə çalışan bir jurnalist kimi tam məsuliyyətimlə bəyan edirəm ki, Vətən müharibəsində Azərbaycan dövlətinin informasiya cinahı olan müasir milli jurnalistikamız bu dünyanın söz savaşına qətiyyən hazır deyildi. Nə üçün hazır deyildi? Azərbaycan KİV-nə şəraitmi yaradılmamışdı, vəsaitmi ayrılmamışdı, dövlət tərəfindən qayğımı göstərilməmişdi? Yox, bunların hamısı var idi və bəlkə də dünyanın hər yerində olduğundan daha yüksək səviyyədə idi. Bəs çatışmayan nə idi?

Bunun istisnasız olaraq bir əsas səbəbi var idi ki, yerdə qalanlar bu səbəbdən törəyən boşluqlar idi: Ötən 20 ilə yaxın bir müddətdə bu sahəyə cavabdeh olan Azərbaycan Prezidentinin keçmiş köməkçisi, ictimai-siyasi şöbənin müdiri, indi özünü KİV-də, media resurslarında, sosial şəbəkələrdə xəcalət çəkmədən professor kimi təqdim edən Əli Həsənovun ona göstərilən etimaddan və səlahiyyətdən sui-istifadə etməsi.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı 10 ildə, Prezident İlham Əliyev 17 illik fəaliyyəti boyu bu sahə daim dövlətin diqqət və qayğısını görüb. Xüsusilə Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün strateji layihələr gerçəkləşdirərək, bütün sahələrdə ölkəni qalibiyyət yürüşünə hazırladığı bir vaxtda, mühüm sahələrdən biri kimi milli mətbuatın, medianın inkişafını Əli Həsənova etibar etmişdi. Bu etibarı doğrultmaq, dövlətin dayaqlarından biri olan bu sahənin çevik bir sistemni qurmaq, müasir çağırışlara cavab verən bir səviyyəyə qaldırmaq əvəzinə, Ə.Həsənov bu sahədəki bütün uğurları öz ailə biznes şəbəkəsini qurmağa qurban verdi. Mətbuatın, medianın son illərdə ciddi böhran yaşamasının köklərini burada axtarmaq lazımdır.

Dövlətin səlahiyyət verdiyi bu şəxs qabaqcıl Qərb dövlətlərində, ən azından Ermənistanın əsas dayaqlarından biri olan Rusiyada Azərbaycan həqiqətlərini yaymağa xidmət edəcək, məhz bu müharibədə Azərbaycana qarşı "fake news” yürüşünə çıxan media vasitələri ilə informasiya müharibəsi aparmağa hesablanan elektron media vasitələri, xəbər portalları yaratmalı, ölkəmizə rəğbəti olan xarici politoloq, jurnalist və ekspertləri bu qurumlara cəlb etməli idi. Ölkə daxilində bir neçə beynəlxalq dildə xəbər, siyasi analitik məqalələr yayan, Azərbaycanı beynəlxalq müstəvidə şərləyən qüvvələrə tutarlı, ciddi arqumentlərə söykənən cavablar verən güclü media qurumları formalaşdırmalı idi. Əli Həsənov nə etdi? "Kaspi” imperiyasını qurub onun imkanlarını genişləndirdi və əvvəldə göstərdiyim işləri görmək əvəzinə ölkədə milli jurnalistikamıza utanc gətirən şantajçı medianın maqnatına çevrildi. Dövlətin ayırdığı vəsaiti mənimsəmək üçün hakimiyyətlə müxalifət arasında münasibətləri gərginləşdirərək, bunları guya o önləyir deyə, saysız-hesabsız mənasız, nəinki beynəlxalq qurumların, heç daxili auditoriyanın diqqət yetirmədiyi, milli mətbuatımıza söyüş, təhqir, şantaj kimi biabırçı "trendlər” gətirən mətbu orqanlarına sədəqə verməklə məşğul oldu. Çox qəribədir ki, günü bu gün də onun milli jurnalistikamıza "hədiyyə etdiyi” bu boz mətbuat fəaliyyət göstərməkdə davam edir. Onun dövlət siyasətini təbliğ edən, ideoloji sahəyə cavabdeh olan rəsmi mətbuat orqanları üçün müəyyənləşdirdiyi və beynəlxalq aləmdə bizə rəğbət qazandırmayan siyasi təlimatlarına hələ də sədaqətlə əməl edilir. Necə deyərlər, Əli Həsənov gedib, ancaq onun gözə kül üfürən "mətbuat strategiyası”, ictimaiyyətin dövlət siyasətinə münasibətini formalaşdırmalı olan eybəcər təbliğat metodları yaşayır.

Biz müharibənin 44 gün davam etdiyi müddətdə Rusiya televiziya kanallarında, müxtəlif elektron media platformalarında, kontentlərdə kimlərin çıxışlarını həsrətlə gözləyirdik? Rusiyalı jurnalist, ictimai-siyasi xadim Maksim Şevçenkonun, hərbi ekspert, "Naçionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenkonun, Rusiya Dövlət Dumasının deputatı Leonid Kalaşnikovun və sair tək-tək nüfuzlu insanların çıxışlarından təsəlli tapırdıq. Nədən belə olmalı idi? Məgər xaricdə kifayət qədər savadlı, bu sahədə sözünün çəkisi olan azərbaycanlılar yox idimi və yoxdurmu? Var! Siyasi tok-şoularda cəsarətlə çıxış edən TASS informasiya agentliyinin əməkdaşı Səadət Qədirova, Anar Həsənov və bu kimi onlarla vətənpərvər, kifayət qədər savadlı, intellektual gənclərimiz var. Axtarsaq, bu kimi həmvətənlərimiz İngiltərədə, Fransada, Almaniyada, İtaliyada, Belçikada və sair ölkələrdə də var. Amma Əli Həsənova onlar lazım idimi? Əlbəttə yox.

Yeri gəlmişkən, buradaca bir sual da səsləndirmək istəyirəm: Hanı Əli Həsənovun "media generalları”? Nədənsə onların çox məhdud daxili auditoriyanın izlədiyi media vasitələrindəki ara-sıra çıxışlarından başqa, bu sahədəki geniş miqyaslı fəaliyyətlərinə heç yerdə rast gəlmədik. Yoxsa, onların da paqonlarını çıxarmışdılar?

Bu illər ərzində müşahidə etdiklərimdən belə qəti qənaətə gəlmişəm ki, Əli Həsənova müstəqil milli jurnalistika lazım deyildi. Əksinə, o belə jurnalistikadan qorxurdu. Ona Azərbaycanda daxili vəziyyəti qarışdırmaq, hakimiyyət müxalifət qarşıdurması yaradaraq bu dalğada dövlətdən daha çox maliyyə vəsaiti qopararaq, Vüqar Səfərli kimi delitant, ümumiyyətlə, milli jurnalistikamıza bir ləkə olan tamahkarlar vasitəsilə öz ac iştahını doyurmaq lazım idi. Azərbaycan milli mətbuatı, jurnalistikası bu insan üçün sözün həqiqi mənasında, məhvə məhkum olunası bir düşmənə çevrilmişdi. Onun zəmanəti ilə iş başına keçənlərdən çox nadir adam olardı ki, ümumən jurnalistikadan, mətbuatdan geniş anlayışa malik olsun, bu sahənin dövlət siyasətinin ictimai fikrə çatdırılmasındakı əhəmiyyətini başa düşsün. Bununla Əli Həsənov müəyyən mənada həqiqi milli mətbuatı öz düşündüyü kölə, ələbaxan, qərəzli, müxtəlif qruplaşmaların maraqlarına xidmət edən boz mətbuata çevirə bildi. Bu onun strateji planı idi. Ona görə müasir milli jurnalistikanın bugünkü problemlərindən, ümumiyyətlə mətbuat tariximizin son onbeşillik dövründən bəhs edərkən Əli Həsənovun bu sahədəki xəyanətkar "xidmətlərini” qətiyyən unutmaq olmaz.

Bu gün Əli Həsənov gedibmi? Yox, o, sadəcə səhnədə yoxdur. Bu illər ərzində müxtəlif media və KİV-nə yerləşdirdiyi "əvəzolunmaz kadrlar” onun strategiyasını sədaqətlə davam etdirirlər. Çox maraqlıdır ki, Azərbaycan mətbuatının düşdüyü vəziyyəti, xüsusilə 44 günlük müharibə günlərində, daha aydın şəkildə görən Prezident İlham Əliyev, onun bu böhrandan çıxarılması üçün növbəti vacib bir addım atdı. Dövlət başçısı "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” sərəncam imzalayaraq çirkaba bulaşmış və həqiqi peşə sahiblərinin, az-çox simasını qorumağı bacaran mətbuatımızın qarşısında hörmətdən düşmüş KİVDF-ni ləğv edərək, onu başqa bir qurumla əvəz etdi. Ləğv etdi ki, bu qurumun adı gələndə düşüncələrdə, ictimai fikirdə ilk olaraq onun çirkin əməlləri yada düşüb, insanları çiyrindirməsin.

Bəs indi nə baş verir?

Azərbaycan mətbuatının nüfuzunu özünə qaytarmaq, onun ən yaxşı ənənələrinə üz tutub onları yenidən inkişaf etdirmək, müasir dünyanın çağırışlarına cavab verəcək bir səviyyəyə qaldırmaq üçün dövlət başçısının imzaladığı sərəncamın mürəkkəbi qurumamış yer-yerdən təriflər başlayır. Eynən KİVDF yaradılarkən başlanan tərif yarışı kampaniya. Qəribə orasıdır ki, bu fərmanı və yeni qurumun yaradılmasını tərifləyənlərin əksəriyyəti elə KİVDF-də müəyyən rol alan, "diqqət göstərilən”, bu qurumun sədrinin öz çirkin əməllərini ört-basdır etmək üçün "diqqətvə qayğı göstərdiyi” insanlardır.

Bunlara bir deyən yoxdur ki, axı təmsil olunduğunuz qurumda sizə bəslənən ümidləri, göstərilən etimadı doğrulda bilmədiniz. Vüqar Səfərli ilə bərabər siz də milli mətbuatımıza sui-qəsd etdiniz. Bəli məhz sui-qəsd, həm də milli mətbuatımızın inkişafında son dərəcə maraqlı olan, ona qayğı göstərən və ona kifayət qədər vəsait ayıran, dünyanın heç bir dövlətində olmayan kimi jurnalistləri evlə təmin edən Prezident İlham Əliyevin Sizə göstərdiyi etimada, etibara sui-qəsd etdiniz. Axı indi hansı haqla, hansı abırla, hansı cəsarətlə durub yenidən hələ fəaliyyətə başlamamış quruma tərif yağdırırsınız? Sizdə əminlik varmı ki, bu yeni qurum sizin düşüncələrinizə, rəy və məsləhətlərinizə diqqət yetirsə KİVDF-nin əməllərini təkrar etməyəcək?! Bu əminliklə mətbuatdan ümumən anlayışı olmayan, ümumiyyətlə, jurnalist amalının nədən ibarət olduğunu təsəvvür belə etməyən Vüqar Səfərlini də tərif deyə-deyə həbsxanaya yola saldınız. Biriniz də olsa, durub onun əməllərinə etiraz etdinizmi. Biriniz də olsa, dediniz: "Ay icraçı direktor, sən düz yolda deyilsən, dövlət başçısının etimadına sui-qəsd edirsən”. Kiməsə söylədinizmi, hardasa yazdınızmı? Ətrafına toplaşıb Arandan Turana, Avropadan Asiyaya səfər edib Səfərlinin sağlığına badə qaldıran "media kapitanları”, niyə bircəciyinizin də olsa, jurnalist amalınız (əgər olubsa?) sizi sirkələmədi ki, deyəsiz ay Vüqar bəy, bu "Mövqe” və s. həftədə bir dəfə min tirajla çıxan, Azər Türkoğlunun belə tanımadığı qəzetlərə niyə hər dəfə 20 min, 40 min manat yardım ayırıb cibinə qoyursan, axı bir gün səndən hesab istəyəcəklər? Siz bilirsinizmi ki, cinayəti görüb ona göz yummağın, susmağın özü də cinayətdir?! Siz bilirsinizmi ki, siz də Vüqar Səfərlinin cinayətlərində iştirakçısınız?!

Azərbaycan Milli Mətbuatının qatili Əli Həsənovun az qala əlindən öpən mətbuat dəllalları indi öpməyə kimin əlini axtarırsınız?! Bəs deyilmi, səhnədən getməyinizin vaxtı deyilmi? Sizin "kapitanı” olduğunuz mətbuat ölüm ayağındadır, amma yenə hiyləgər libasınızı çıxarmaq istəmirsiniz. Əksinə bir az da süslənib daha dəbdəbəli təriflər yağdırırsınız yeni quruma, onun rəhbərinə. Düşünürsünüz, bu mətbuatı sizmi xilas edəcəksiniz? Əsla belə bir qeyrət sizdə olan varlıq deyil. Olsaydı, bu peşənin cəfakeşlərini öz tamah kəndirinizlə onların qeyrət ağacından asıb boğmaz, çərlədib, vərəmlədib öldürməzdiniz. Olsaydı, İlahinin göndərdiyi müqəddəs sözə səcdə edən jurnalistləri əlinizin altında qul kimi işlədib, haqlarını özünüz rahatca yeməzdiniz. Qürurunu sındırmayan, sadəcə abırına qısılıb bu peşədən uzaqlaşan o qədər söz fədaisi tanıyıram ki, nə Əli Həsənov, nə Vüqar Səfərli onların əlinə su tökməyə belə layiq deyillər. Siz qeyrət göstərib, tamahınızı yerə qoyub, milli varlığımızın cəfakeşi olan jurnalistikaya süd verən inək kimi baxmaqdan əl çəkməyəndə, onlar jurnalistikanın vicdanını təmiz saxlamaq üçün bu sahəni tərk etdilər. Amma sevdikləri, ömür xərclədikləri jurnalistika sizin əməllərinizdən vərəmləyib ölüm yatağına düşəndə, onlar da xəstəlik tapdılar.

Axı Azərbaycan mətbuatı elə də geniş miqyasa malik deyil ki, orda kimsənin əməllərini kimsələr görməsin və ya kimsənin qələmindən nə çıxır, kimsə onu bilməsin. Sözü söz dalıyca yaza bilməyib, qalın-qalın yaltaqnamələr yazdırmaqla onsuz milli jurnalistika tarixində heç vaxt ehtiramla xatırlanmayacaqsınız.

Bilirsiniz nə üçün? Çünki bu gün yenə sizə aid olmayanın haqqını cibinizə qoyub evə rahat gedə bilirsiniz. Bu gün yenə söz deməyə haqqı olanın haqqına şərik çıxırsınız. Nə qədər ütülü, bahalı libas geyinsəniz də sözünüz əhli millət üçün əsla dəyərsizdir. Elə bilməyin ki, yuxarıdakılar bundan sonra da sözünüzə, tərifinizə möhtac kimi başınıza sığal çəkib. sizi yanlarında yelpik çəkən qul kimi bəsləyəcəklər. Düşünürəm indi tamam başqa zəmanədir.

Əziz həmkarlar, haqq, həqiqət yolunda dili yağır olan qələmdaşlar! Mənə elə gəlir ki, jurnalistikaya, mətbuata Əli Həsənovun geyindirdiyi dəli köynəyini çıxarmağın vaxtıdır.

Jurnalistika öldü, yaşasın jurnalistika!

İlqar Gülağa oğlu RÜSTƏMOV,


BDU-nun jurnalistika fakültəsinin məzundur. Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komtəsində jurnalist fəaliyyətinə başlayıb, 1991-ci ildə "Xalq qəzeti”ndə müxbir, baş müxbir, informasiya şöbəsinin müdiri, 1993-cü ildə "Vətən ocağı” qəzetinin redaktoru, 1994-cü ildən "Xalq qəzeti”ndə siyasi icmalçı, 1994-cü il dekabrın22-dən məsul katib vəzifəsində çalışır. 1993-94- cü illərdə ulu öndər Heydər Əliyevi xarici və ölkədaxili səfərlərdə jurnalist kimi müşayiət edib.

2005-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə "Tərəqqi” medalına, 2020-ci ildə Əməkdar jurnalist adına layiq görülüb. Həsən bəy Zərdabi və Ali Media mükafatları laureatıdır. /QayNarinfo/

7GÜN XƏBƏR qəzetini sosial şəbəkələrdə izləyin, bəyənin və abunə olun:

1. Facebook

2. İnstagram

3. YouTube

26-01-2021