Apellyasiya Məhkəməsi sayt rəhbərinin cəzasını bir il azaldıb


Sumqayıt Apellyasiya Məhkəməsi yanvarın 28-də azel.tv saytının rəhbəri Əfqan Sadıqovun şikayətini qismən təmi edərək, onun həbs müddətini 7 ildən 6 ilə qədər azaldıb.

Vəkil Elçin Sadıqovun verdiyi məlumata görə, qərar təkrar məhkəmə istintaqı aparılmadan qəbul edilib.

85 gündür aclıq edən Əfqan Sadıqov özü məhkəməyə gətirilməyib və prosesə onlayn formada qoşulub.

“O, özünü pis hiss edirdi, çətinliklə danışa bilirdi”, deyə vəkil bildirib. Onun sözlərinə görə, Penitensiar Xidmət də Əfqan Sadıqovun aclıq etdiyi və vəziyyətinin “yaxşı olmadığı” haqqında sənəd təqdim edib.

Müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti və Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verəcək, deyə vəkil bildirib.

Jurnalistin yaxınları məhkəmə qərarını həddindən artıq mənfi qarşılayıblar. “Hakim Məhəmmədəli Rzayev sifarişi yerinə yetirərək, Əfqana ölüm hökmü verib”, deyə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova bildirib.

Azel.tv-nin rəhbəri Əfqan Sadıqov bu ilin mayında hədələmə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. Noyabrın 3-də məhkəmə onu 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Noyabrın 4-də o, ədalətsiz hesab etdiyi hökmə etiraz əlaməti olaraq aclıq elan edib.

Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Turan

”7GÜN XƏBƏR” qəzetini sosial şəbəkələrdə izləyin, bəyənin və abunə olun:

1. Facebook

2. İnstagram

3. YouTube

28-01-2021