Vəkil məhkəmə zalına buraxılmayıb


Vəkil Nemət Kərimli bu gün müvəkkilinin işi üzrə məhkəmə iclasına buraxılmayıb.

7GUN.az xəbər verir ki, Kərimlinin Turan-a verdiyi məlumata görə, o, Binəqədi rayon məhkəməsində Müsavat Partiyasının fəalı Mustafa Hacıbəylinin işi üzrə prosesdə müdafiəçidir. İş ötən ilin fevralında MSK binası qarşısında Hacıbəyliyə qarşı fiziki təzyiq göstərilməsi ilə bağlıdır.

Binəqədi rayon prokurorluğu Hacıbəylini döyən polisin qanunsuz hərəkətlərini araşdırmaqdan imtina edib. Buna görə müdafiə tərəfi prokurorluğun hərəkətlərindən məhkəməyə şikayət verib.

“Bu gün iclas başlamazdan əvvəl hakim Elçin Ağayev öz katibi vasitəsilə xəbər göndərib ki, proses qapalıdır və vəkil iştirak edə bilməz. Mən etiraz etdim və hakimin özünün bunu elan etməsini təklif etdim. Amma hakim ikinci dəfə xəbər göndərib ki, zalı tərk etməsəm prosesə çıxmayacaq”, deyə Kərimli qeyd edib.

Əlində orderi olan vəkilin zala buraxılmaması ədalətli məhkəmə təhqiqatı hüququnu pozur, deyə Kərimli bildirib. Beləliklə, proses vəkilin iştirakı olmadan keçirilib, onun qərarı isə sabah elan ediləcək.

Binəqədi rayon məhkəməsindən şərh almaq mümkün olmayıb.

”7GÜN XƏBƏR” qəzetini sosial şəbəkələrdə izləyin, bəyənin və abunə olun:

1. Facebook

2. İnstagram

3. YouTube

28-01-2021