Məhkəmə müxalifət liderini həbsdə saxlayıb


7GUN.az “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, Moskva Regional Məhkəməsi Rusiyanın müxalif lideri Aleksey Navalnını həbsdə saxlayıb.

Məhkəmə vəkillərin Ximki şəhər məhkəməsinin yanvarın 18-də Navalnının 30 gün müddətinə həbs edilməsinə dair qərarı ilə bağlı apellyasiya şikayətinə baxıb. Navalnı məhkəməyə "Matrosskaya Tishina" istintaq təcridxanasından video bağlantı vasitəsilə qatılıb.

Navalnının vəkilləri onun qanunsuz olaraq axtarışa verildiyini açıqlayıb. Təqdim olunan materiallar arasında Federal Penitensiar Xidmətinin (FSIN) 2020-ci il noyabrın 23-də Navalnıdan Berlin klinikasında müalicə olunduğuna dair bildiriş aldığı ortaya çıxıb. Vəkillərin dediyinə görə, Ximki məhkəməsi Cinayət Prosessual Məcəlləsinin normalarını pozub.

Qərar elan edildikdən sonra Navalnı hakimə hər şeyin məhkəmə iclası başlamazdan əvvəl aydın olduğunu deyib.

Ximki şəhər məhkəməsi Navalnının həbsinə qərarı siyasətçinin Almaniyadan gəldiyi və hava limanında saxlandığı gündən bir gün verib. Navalnının işinə polis bölməsində baxılıb. Navalnı bunu "qanunsuzluğun ən yüksək dərəcəsi" adlandırıb.

Federal Penitensiar Xidmətinin verdiyi məlumata görə, "Yves Rocher" işi adı altında mühakimə olunan siyasətçi Almaniya klinikasından çıxdıqdan sonra Rusiya müfəttişliyində qeydiyyatdan keçmədiyi üçün qanunu pozub. FSIN Navalnının cəzaçəkmə müəssisəsində üç il yarımlıq şərti cəzasının ləğv edilməsini də tələb edib. Məhkəmə FSIN-in bu vəsatətinə fevralın 2-də baxmalıdır.

29-01-2021