Siyasi məhbus ailələri ABŞ səfirliyi qarşısında aksiya keçirib


Bakı / 09.02.2021 / 7GUN.az: Fevralın 9-u səhər saatlarında siyasi məhbusların ailə üzvlərindən ibarət bir qrup ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.
Aksiya iştirakçıları arasında "xeberman.com" saytının redaktoru Polad Aslanovun həyat yoldaşı, "Azel.TV" rəhbəri Əfqan Sadıqovun həyat yoldaşı, “Gəncə işi” üzrə həbs edilənlərin ailə üzvləri olub. Onlar siyasi məhbusların plakatlarını qaldırıblar.


Aksiya iştirakçıları ABŞ səfirliyini və digər dövlətlərin diplomatik missiyalarını, habelə beynəlxalq təşkilatların nümayəndələrini həbs edilən şəxslərin məhkəmə proseslərində iştirak etməyə çağırıblar.

Aslanovun və Sadıqovun həyat yoldaşları ərlərinin aclıq etdiyini və onların səhhətində yaranmış problemləri xatırladıblar.
Hadisə yerinə gələn polis əməkdaşları banner və fotoşəkilləri aksiya iştirakçılarının əlindən alıblar, bu da etirazçıların qəzəbinə səbəb olub.

ABŞ-ın Azərbaycandakı səfirliyi isə məsələ barəsində bu açıqlamanı verib: "Biz bütün insanların dinc şəkildə etiraz etmək və azad toplaşma hüquqlarını dəstəkləyirik".

“Siyasi məhbuslara azadlıq” İttifaqının məlumatına görə, hazırda həbsxanalarda siyasi motivlərlə həbs edilmiş 146 nəfər saxlanılır ("Turan").

09-02-2021