Hüquq müdafiəçisi Elçin Məmmədin apellyasiya şikayəti təmin edilmədi


Fevralın 19-da Sumqayıt Apellyasiya Məhkəməsi (hakim Vidadi Cəfərovun sədrliyi ilə) hüquq müdafiəçisi Elçin Məmmədin məhkum edilməsi barədə yerli məhkəmənin hökmündən verdiyi şikayəti təmin etməyib.

7GUN.az «Turan» agentliyinə istinadən xəbər verir ki, bu barədə Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi təşkilatı məlumat yayıb.
Apellyasiya Məhkəməsi cinayət işi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi barədə vəsatətləri təmin etməyib.

2020-ci il oktyabrın 17-də Sumqayıt Şəhər Məhkəməsi Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi qeyri-hökumət təşkilatının rəhbəri Elçin Məmmədi 4 il müddətinə həbs edib.

Məhkəmə hüquq müdafiəçisini “oğurluq” və “qanunsuz silah saxlamaqda” təqsirli bilib.

Hüquq müdafiəçisi 2020-ci ilin martında həbs edilib. Onun barəsində hüquqi yardım göstərdiyi qadın şikayət edib. Həmin qadın əvvəllər digər jurnalist, criminal.az saytının redaktoru Anar Məmmədovdan da polisə şikayət edib.

Elçin Məmməd həbsini hüquq-müdafiə fəaliyyətilə əlaqələndirir. O hesab edir ki, uydurma ittihamla təqib olunması prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə və məhkəmə-hüquq islahatlarının aparılması ilə bağlı siyasətinə ziddir.

Amnesty İnternational, PEN, FİACAT təşkilatları və digər beynəlxalq qurumlar Elçin Məmmədin təqib edilməsini pisləyən bəyanatlarla çıxış ediblər.

7GÜN XƏBƏR qəzeti sosial şəbəkələrdə:

1. Facebook

2. İnstagram

3. YouTube

19-02-2021