Bir qrup müharibə iştirakçısı aksiya keçirib


44 günlük Qarabağ müharibəsində könüllü iştirak edən bir qrup şəxs müharibə veteranı ala bilmədiyini deyir. 7GUN.az «Turan»a istinadən xəbər verir ki, fevralın 22-də həmin şəxslər Bakıda İsmayıl bəy Qutqaşınlı küçəsindəki parkda etiraz aksiyası keçiriblər.

Etirazçılardan Əsəd Muradov bildirib ki, onlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırılmayıb.

“Biz özümüz könüllü olaraq getmişik. Orada bizi hərbi hissəsinin tərkibinə veriblər. Döyüşlər gedən zaman Ağcabədidə saxlanılmışıq. Sonra Ağstafaya gətirdilər. Oradan isə Kəlbəcərə və nəhayət, Laçına apardılar. İndi deyirlər ki, biz döyüşlərdə olmamışıq, Kəlbəcər və Laçın sülh yolu ilə qaytarılıb. Bizim hərbi biletimizə müharibədə olmağımızla bağlı belə qeyd edilmir”, - o deyib.

Ə.Muradov deyib ki, Müdafiə Nazirliyində qəbulda olublar. Daha sonra isə nazirliyin Təlim Tədris Mərkəzində yerləşən Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyaya müraciət ediblər.

“Bizə dedilər ki, ola bilməz ki, hərbi biletinizə möhür vurulmasın, vurulmalıdır. Amma bugünkü gündə problemimiz həll edilmir. Son addım məhkəməyə müraciət etməyimiz olacaq”, - o qeyd edib.

Məsələ ilə bağlı Müdafiə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.