AİHM Azərbaycandan üç iş üzrə ifadə azadlığının pozulduğunu etiraf edib


İyulun 8-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan bir neçə şikayət üzrə qərarları elan edib.

7GUN.az xəbər verir ki, hüquqşünas Xalid Ağəliyevin Turan-a verdiyi məlumata görə, iki qərar jurnalistlər Elnur Məmmədov və İdrak Abbasovun azadlıqlarının pozulması, şəxsi toxunulmazlıq və ifadə azadlığı barədə şikayətləri ilə bağlıdır.

Avropa İnsan Hüquqları Məhkəməsi Məmmədovun barəsində Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) və 10-cu (ifadə azadlığı) maddələri üzrə hüquqlarının pozulduğunu tanıyıb.

Abbasovla bağlı 10-cu maddənin (ifadə azadlığı) pozulduğu tanınıb.

Strasburq məhkəməsi Məmmədova 6 min avro, Abbasova isə 4500 avro məbləğində pul kompensasiyası ödənilməsi barədə qərar qəbul edib.

Ərizəçilər məhkəmə xərclərilə bağlı daha 1000 avro alacaqlar. Şikayət 2009-cu ildə baş vermiş insidentlə əlaqədar verilib. "Milli yol" qəzetinin redaksiyasında polis əməliyyatının işıqlandırılması zamanı Məmmədov və Abbasov xəsarət alıblar. Mülki geyimli şəxslər reportyorların çəkiliş aparmasına mane olublar, onları təhqir ediblər, əllərini burublar, kameralarını götürüblər.

Məmmədovu zorla avtomobilə mindirərək aparıblar və tanımadığı yerdə endiriblər.

Avropa İnsan Hüquqları Məhkəməsi həmçinin mərhum vətəndaş Əli Həsənovun Avropa Konvensiyasının 10-cu maddəsi üzrə hüquqlarının pozulduğunu tanıyıb və bu iş üzrə 1700 avro məbləğində kompensasiya ödənilməsini qərara alıb.

O 2008-ci ildə "İdeal"qəzetində dərc edilən yazılara görə diffamasiya iddiası üzrə 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Yazıların başqa adlar altında olmasına baxmayaraq, məhkəmə Həsənovu təqsirli bilmişdi. Ancaq Həsənov məqalələrin ona aid olmasını inkar etmişdi.