Siyasi Məhbus Nəsir Vaqif oğlu Hüseynov azadliqda


Adları hüquq müdafiəçilərinin tərtib etdiyi siyasi məhbus siyahısına daxil edilən bir nəfərin həbsdən azadlığa çıxdığı bildirilir.

7GUN.az xəbər verir ki, bu haqda Siyasi Məhbusların Müdafiə Mərkəzindən bildiriblər.

Məlumata görə, azadlığa çıxan Nəsir Vaqif oğlu Hüseynovdur. Onun avqustun 22-də həbs müddəti başa çatdığından buraxıldığı deyilir.

Mərkəzin məlumatında bildirilir ki, Nəsir Hüseynov 2015-ci ildə Mingəçevir olaylarına görə, 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

2015-ci ildə Mingəçevir şəhərində polis şöbəsində müəmmalı ölüm hadisəsinə etiraz aksiyası keçirilmişdi. Prokurorluq baş verənləri iğtişaş kimi qiymətləndirib və mitinqdə iştiraka görə 22 nəfər saxlanıb. Onlardan 16-sı 10-12 sutkalıq həbs cəzası alıb. Qalanları isə cinayət məsuliyyətinə cəlb edilərək həbs edilib.

N.Hüseynov da onlardan biri olub.

Siyasi Məhbusların Müdafiə Mərkəzinin məlumatına görə, hazırda Mingəçevir hadisələrinə görə 4-6 il müddətinə azadlıqdan məhrum edilmiş 3 nəfər, İlkin Abdullayev, İlqar Xəlilov, Dilqəm Mahmudzadə cəza çəkir.

Azərbaycanda siyasi məhbus siyahısı hazırlayan iki qrup var. Hüquq müdafiəçiləri, keçmiş məhbuslardan ibarət olan həmin qruplar vaxtaşırı siyahı hazırlayıb yayırlar. Hər iki siyahı arasında say baxımından kiçik fərq var. Onlar hesab edir ki, Azərbaycanda ümumilikdə 150 civarında siyasi motivlərlə həbs edilmiş şəxs var.

Azərbaycanda hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbus olması fikri ilə razılaşmırlar. Onlar deyirlər ki, Azərbaycanda düşüncələrinə, siyasi mənsubiyyətinə görə heç kim həbs edilmir. Rəsmilərin fikrincə, adları siyasi məhbus siyahısında yer alan insanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

24-08-2018, 19:19