Almaniya kansleri Azərbaycanın vətəndaş cəmiyyətinin fəalları ilə görüşüb


Almaniya kansleri Angela Merkel Bakıya səfəri çərçivəsində Azərbaycanın vətəndaş cəmiyyətinin fəalları ilə görüşüb. Görüş Almaniyanın Azərbaycandakı səfirinin iqamətgahında keçirilib və təxminən bir saat davam edib.

Görüşdə Turqut Qəmbər (NİDA Hərəkatının üzvü), Xədicə İsmayılova (araşdırmaçı jurnalist), Əvəz Həsənov (Humanitar Araşdırmalar Cəmiyyətinin rəhbəri), Şəhla İsmayıl ("Qadınlar Rasional İnkişaf Uğrunda" Cəmiyyətinin rəhbəri və Sevinc Səmədzadə (gənc fəal, sülhməramlı təşəbbüslər iştirakçısı) iştirak ediblər.

Şəhla İsmayıl Turan-a bildirib ki, görüş zamanı Azərbaycanın ictimai həyatına dair geniş spektrli məsələlər müzakirə edilib.

Əsasən insan hüquqları ilə bağlı vəziyyət, qadın hüquqları, gender bərabərliyi, QHT-lərin fəaliyyəti və media azadlığı ilə bağlı problemlər, həmçinin siyasi məhbuslar mövzusu müzakirə edilib.

Ş.İsmayılın fikrincə, A.Merkel görüş iştirakçılarını diqqətlə dinləyib, Azərbaycanda insan hüquqlarının vəziyyəti və digər problemlərlə bağlı yaxşı məlumatlı olduğunu göstərib.

Görüşün digər iştirakçısı Xədicə İsmayılova Azərbaycanda korrupsiya məsələsini qaldırıb. Bu barədə o, Facebook səhifəsində yazıb.

X.İsmayılovanın sözlərinə görə, o maraqlanıb ki, Azərbaycanda müstəqil KİV və vətəndaş cəmiyyəti olmadan Avropa vergiödəyicilərinin puluna inşa edilən boru kəmərləri kimi meqalayihələrə ayrılan xərclərin şəffaflığını necə təmin etmək olar.

"Mən dedim ki, bizim jurnalist kimi üzərimizə götürdüyümüz riski indi də lisenziyalardan məhrum edilən vəkillərimiz bölüşür. Mən özbaşına həbslərdən, işgəncələrə qarşı müstəqil mübarizə mexanizminin olmamasından, hüquq-mühafizə orqanlarında ölümlərdən və s. danışdım. Mənim təəssüratım belədir ki, kansler Merkel avtokratik rejimlərin çətinliyini və mexanizmlərini başa düşür. O dedi ki, bizim narahatlığımız önəmlidir və narahatlıq doğuran məsələlərdən bəzisi onun prezident İlham Əliyevlə görüşü zamanı müzakirə edilib. Mən ondan daha çox şey eşidəcəyimə ümid edirdim", - X.İsmayılova yazıb.

26-08-2018, 00:45