Binədə baş verən qəzada yaralananlarla bağlı nazirdən xüsusi tapşırıq


Səhiyyə naziri Oqtay Şirəliyev bu gün Binə qəsəbəsində avtobusun qatarla toqquşması nəticəsində xəsarət alanlara tibbi yardımın təşkili məsələsinin nəzarətə götürülməsi barədə tapşırıq verib.

7GUN.az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.

S.Əhmədovanın sözlərinə görə, yaralılara bütün lazımi yardımın göstərilməsini təmin etmək üçün bir qrup həkim xəstələrin yerləşdiyi 3 saylı Şəhər Klinik Xəstəxanasına ezam olunub. Nazirin göstərişinə əsasən, həmin qrupa Respublika Neyrocərrahiyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov, Elmi Tədqiqat Travmatologiya Institutunun 2 uşaq travmatoloqu, 2 nevroloq daxil edilib.

S.Əhmədova əlavə edib ki, hazırda yaralıların vəziyyəti ağır qiymətləndirilir. Həkimlər onların həyatlarını davam etdirməsi üçün əllərindən gələni edirlər.

Qeyd edək ki, bu gün təxminən 14.35 radələrində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10-TG-106" dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Qəza nəticəsində 34 nəfər xəsarət alıb. Onlardan 1 nəfəri - 13 yaşlı məktəbli oğlan dünyasını dəyişib.

01-10-2018