Bakı Apellyasiya Məhkəməsi Azad Həsənovun həbsilə bağlı şikayəti təmin etməyib


Oktyabrın 19-da Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyasının fəalı Azad Həsənovun həbsilə bağlı şikayəti təmin etməyib. Bu barədə vəkil Osman Kazımov bildirib.

O qeyd edib ki, A. Həsənovu oktyabrın 11-də Hövsan qəsəbəsində mülki geyimli şəxslər saxlaylblar və Bakı Şəhər Baş Polis İdarəsinə aparıblar. Hətta onu zorla aparanlar özlərinin polis əməkdaşları olduqlarını deməyiblər. İdarədə onu təhdid edib cibinə narkotik maddə qoyublar, deyiblər ki, etirafedici ifadə verməsə işgəncə veriləcək. Bu barədə A.Həsənov Apellyasiya Məhkəməsinin iclasında bildirib.

Oktyabrın 12-də Xətai Rayon Məhkəməsi A.Həsənovu 4 ay müddətinə həbs edib. Lakin təyin edilmiş vəkil A.Həsənovun hüquqlarını müdafiə etməyib və apellyasiya verməyib. Ailənin cəlb etdiyi vəkil O.Kazımov bir neçə gün ərzində onun harada saxlandığını öyrənməyə çalışıb. Lakin polis və prokurorluq bu məlumatları hər vəchlə gizlədiblər.

Vəkilin sözlərinə görə, A. Həsənovun istintaqdan yayınması, qaçıb gizlənməsi üçün əsaslar yoxdur. Ancaq buna baxmayaraq, Apellyasiya Məhkəməsi həbslə bağlı şikayəti təmin etməyib.

Xatırladaq ki, A.Həsənov 2014-cü ildən Litvada siyasi mühacirətdədir. Oktyabrın10-da ağır xəstə olan atasına baş çəkmək üçün Bakıya gəlib. Lakin həmin gün saxlanılıb. Ona qarşı CM-in 234.4.3-cü (böyük miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb.

Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirib.

20-10-2018, 23:03