Məktəbin zirzəmisində hərbi sursat arsenalı aşkar edilib


Oktyabrın 22-də Bakının Yasamal rayonundakı 175 saylı məktəbin zirzəmisində 352 ədəd müxtəlif növ təlim məqsədli partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) məlumat yayıb.

Agentlik bildirir ki, partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 400 kvadrat metr əraziyə də yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Hərbi sursatın məktəbin zirzəmisində hansı məqsədlə saxlanılması və nə vaxtdan orada olması barədə məlumat verilmir.

Dərc edilən fotolardan göründüyü kimi, aşkar edilən hərbi sursatların arasında artilleriya mərmisi, əl qumbaraları, müxtəlif kalibrli patronlar var.

Qeyd edək ki, bu məktəbin yaxınlığında iri hərbi hissələrdən biri- Salyan kazarması yerləşir. SSRİ-nin süqutundan sonra Azərbaycanı tərk edən hərbçilər hərbi sursat və silahları daşıyaraq satırdılar.

Məktəbin zirzəmisində hərbi sursat arsenalı aşkar edilib

22-10-2018, 20:42