"REAL olaraq hakimiyyətin xoş niyyətinə inanmırıq, lakin seçkiləri bəri başdan boykot eləsək, bu da məntiqi siyasi çərçivəyə sığmır"


Bakıya xüsusi status lazımdır, şəhər meri isə seçilməlidir, "Respublikaçı Alternativ" (REAL) Partiyasının lideri İlqar Məmmədov belə hesab edir.

Bu səbəbdən patiya vahid şəhər bələdiyyəsinin yaradılmasını və Bakı meri vəzifəsinin təsis edilməsini də nəzərdə tutan qanunvericilik təklifləri paketi hazırlayır. Bunun üçün xüsusi Konstitusiya Qanununun qəbul edilməsi nəzərdə tutulur, deyə Məmmədov "Amerikanın Səsi"nin Azərbaycan xidmətinə müsahibəsində bildirib.

Mer vəzifəsinin təsis edilməsi ilə əlaqədar həm də Seçki Məcəlləsinə və "Bələdiyyələrin statusu haqqında" Qanuna düzəlişlər hazırlanacaq.

Partiyada mer seçkilərinin hansı formada - birmərhələli və ya ikimərhələli olması məsələsi müzakirə olunur. 10 gün ərzində işləri yekunlaşdırmaq və qanun layihəsi mətnini ictimaiyyətə təqdim etmək nəzərdə tutulur, deyə Məmmədov bildirib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ölkədə keçirilən seçkilərin ATƏT standartlarına uyğun olmadığını bildirib. Bu halda mer seçkilərinin demokratik keçiriləcəyinə inanırsınız və yaxud bu seçkilərin azad, ədalətli keçirilməsini necə təşkil edəcəksiniz? Ümumilikdə seçki mühitini dəyişmədən seçkilərdə iştirak nə qədər düzgündür?

Bu suallara cavabda Məmmədov bildirib ki, ATƏT DTİHB 500-600 müşahidəçi göndərirsə və onların fəaliyyətinə milyonlarla dollar xərcləyirsə, deməli bunda məntiq var. Məntiq ondan ibarətdir ki, qanunlar nə qədər pis olursa olsun, azad və demokratik seçkilər üçün imkanlar nə qədər məhdudlaşdırılırsa məhdudlaşdırılsın, xoş niyyət olduğu halda seçkilər keçirmək olar.

"Biz, əlbəttə ki, REAL olaraq Azərbaycan hökumətinin, hakimiyyətinin hər hansı bir xoş niyyətinə inanmırıq. Lakin, eyni zamanda seçkiləri bəri başdan boykot eləsək, bu da məntiqi siyasi çərçivəyə sığmır", deyə Məmmədov bildirib.

Əgər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycana müşahidə missiyası göndərəcəksə, əlbəttə REAL seçkilərdə iştirak edəcək. Yox, belə bir missiya göndərilmiyəcəksə və ya onun qarşısı alınacaqsa onda REAL-ın seçkilərdə iştirakdan imtina edəcək.

Bələdiyyə seçkilərində iştiraka gəlincə, bu məsələ bir sıra siyasi amillərdən asılıdır. O amillər arasında əlbəttə ki, ATƏT-in missiyasının mövcud olub-olmayacağı da var. Amma bu, həlledici deyil. Bizim diqqət mərkəzində saxladığımız məsələ odur ki, bələdiyyə seçkiləri üçün mer təsisi üzrə qanunvericilik dəyişsin, Bakıda mer seçkisi olsun. Mer seçkisi olarsa REAL-ın iştirak ehtimalı daha yüksəkdir, deyə Məmmədov bildirib.

"REAL" həmçinin manatın devalvasiyası nəticəsində vətəndaşlara dəyən ziyanın ödənilməsi haqqında qanun layihəsi hazırlayacağını bildirib. Məmmədovun sözlərinə görə, bu məsələnin banklara borcu olan 700 min vətəndaşa aidiyyatı var. Bu borcların ümumi həcmi 2 mlrd. dollar olaraq qiymətləndirilir.

Əlbəttə, bu məbləği birdən-birə iqtisadiyyat atmaq qeyri-mümkündür, buna görə kredit faizlərinin əvvəlki məzənnə ilə ödənilməsi təklif olunur.

Digər tərəfdən, banklar da zərərçəkmiş tərəfdir və sözügedən 2 mlrd. qrafiklə ödənilməlidir.

Buna görə əhaliyə dəyən ziyan ödənilməlidir, çünki insanlar ölkə rəhbərliyinin və Mərkəzi Bankın yalan bəyanatlarının və vədlərinin qurbanı olub.

"Bizim təşəbbüsümüz insanları həmin cəzadan qurtarmaq məqsədi güdür, hansı ki insanlar o cəzaya layiq deyillər", deyə Məmmədov qeyd edib. Qanun layihələrinin parlamentin müzakirəsinə çıxarılmasına nail olmaq üçün "REAL", qanunla tələb olunduğu kimi, 40 min seçici imzası toplamaq niyyətindədir.

31-10-2018, 00:18