BŞİH aksiyaya icazə vermədi


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ATƏT-in Minsk Qrupuna daxil olan ölkələrin Azərbaycandakı səfirlikləri önündə aksiyaya icazə verməyib. Bu haqda piketin təşkilatçısı olan Qarabağ Komitəsinin noyabrın 6-da yaydığı məlumatda deyilir.

Məıumata görə, komitə iki həftə öncə noyabrın 8-də saat 11:00-da Fransanın, saat 12:00-da ABŞ-ın, saat 13:00-da isə Rusiyanın Azərbaycndakı səfrilikləri qarşısında aksiya keçirilməsi ilə bağlı qərar verib, BŞİH-ə xəbərdarlıq məktubu da göndərilmişdi.

Paytaxt meriyası noyabrın 6-da aksiyaya icazə verməməsini belə əsaslandırıb: "Fransa, ABŞ və Rusiya səfirlikləri Bakının nəqliyyatın intensiv hərəkət etdiyi ərazilərində yerləşir. Həmin ərazilərdə toplantıda iştirak etmək niyyəti olmayan vətəndaşların sərbəst hərəkətinin və nəqliyyat vasitələrinin iş ahənginin təmin edilməsində yaranacaq ciddi problemləri nəzərə alaraq, həmçinin Azərbaycan Respublikası "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun 7-ci maddəsinin 1-ci maddəsinə uyğun olaraq, qeyd etdiyiniz yerlərdə piketin keçirilməsi məqsədəuyğun hesab edilmir".

Qarabağ Komitəsinin aksiyalar keçirməsində məqsədin Minsk Qrupu həmsədrlərini Dağlıq Qarabağ probleminin tənzimlənməsində daha aktiv fəaliyyətə dəvət etmək olduğu bildirilir.

BŞİH ötən həftə komitənin noyabr ayının sonuna təyin etdiyi mitinqə də "yox" cavabı vermişdi.

Komitə bundan əvvəl sentyabrın 29-da Bakıda "Qarabağa azadlıq" şüarı ilə mitinq keçirib.

Turan.az

6-11-2018, 05:41