Blogerin qohumu həbs edildi


Məhəmməd Mirəzli: ''Qohumuma deyiblər ki, əgər Birinci vitse-prezident Mehriban Əliyevanın içdiyi su haqda video reportajı silməsə, həbs olunacaqsan''

Fransada mühacir həyatı yaşayan bloger Məhəmməd Mirzəlinin bacısının əri Elman Ağayev noyabrın 20-də 2 ay müddətinə həbs edilib.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Elman Ağayev İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) ilə təqsirli bilinib.

7GUN.az bildirir ki, bu barədə Meydan TV-yə danışan Məhəmməd Mirzəli Elman Ağayevin həbsinin gözlənilməz olmadığını və bununla bağlı xəbərdarlıq aldıqlarını deyir: "Hakimiyyətdən ailəmə dəfələrlə xəbərdarlıq etmişdilər ki, Məhəmməd Mirzəli yazılarını dayandırmasa, həbslər olacaq. Yanvar ayında Elman Ağayev DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən 6 gün saxlandıqda əgər mən susmayacağım təqdirdə narkotiklə şərlənəcəyi xəbərdarlığı almışdı. Mən susmadığımdan fevralda 1 aylıq həbs olundu və noyabrın 20-də növbəti həbs baş verdi. Bu dəfə həbsdən 15 gün əvvəl Elman Ağayev xəbərdarlıq etmişdilər ki, Məhəmməd Mirzəliyə deyin ki, əgər Birinci vitse-prezident Mehriban Əliyevanın içdiyi su haqda video reportajı silməsə, həbs olunacaqsan”.

Məhəmməd Mirzəli bildirib ki, hökumət əvvəllər onun atasını həbs edirdi, amma valideynləri ölkəni tərk edəndən sonra Elman Ağayevi hədəfə aldılar: "Hakimiyyətdəkilər elə bilir ki, mənim Elman Ağayevlə xüsusi əlaqəm var, halbuki onunla yanvarda bayram təbrikləşməsi olmuşdu, vəssalam. Bunlar düşünür ki, yaxın qohum kimi onu həbs etməklə mənə təsir göstərəcəklər, amma yanılırlar. Elman Ağayev həbs edilməmişdən 3 ay əvvəl Göyçay Rayon Prokurorluğundan bacımın evinə gəlmişdilər, həmin axtarışın videosunu yaymışdılar. Bundan əlavə, dayılarımın və əmilərimin evinə getmişdilər. Bu axtarışda acınacaqlı bir hadisə olmuşdu, prokurorluq rəsmiləri ölmüş dayımın evinə gedib onu tələb etmişdilər. Onun da yoldaşı demişdi ki, kişi 1 il əvvəl ölüb, ölüm kağızını göstərsə də, yenə inanmamışdılar. Bu, hadisə dövlət orqanlarının bərbad fəaliyyətinin sübutudur”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Göyçay rayon şöbəsi Gənclər Komitəsinin üzvü Məhəmməd Mirzəli 2014-cü ildə 20 sutka inzibati həbs cəzasına məhkum edilib.
Ondan əvvəl, 2013-cü ilin 30 yanvarında Göyçay polisi Məhəmməd Mirzəlini idarəyə çağıraraq "Facebook”da fəallığına görə xəbərdarlıq edib, ardınca atasını qaynaqçı işlədiyi "Asfalt Zavodu”nun direktoru çağıraraq oğlunun fəaliyyəti ilə bağlı xəbərdarlıq edib. Bundan əlavə, Məhəmməd Mirzəli "Əsgər ölümlərinə son” aksiyasında da saxlanılıb.

Məhəmməd Mirzəli Azərbaycanı 2016-cı ilin yanvarında tərk edib.

O, mühacirətə gedərkən AXCP üzvü idi, hazırda müstəqil video-blogerdir.

23-11-2018